Dünyanın nəhəng fəstfud şəbəkələrindən biri olan "McDonalds" ABŞ-də süni intellekt dəstəkli qiymət sistemi vasitəsilə müstəqil françayzinq restoranları arasında qiymət koordinasiyası yaratmaqda ittiham olunaraq məhkəməyə verilib.
“Bakupost” xəbər verir ki, Çikaqodakı federal məhkəməyə təqdim edilən iddiaya əsasən, şirkət alqoritmlərdən istifadə etməklə restoranlar arasında qiymətlərin razılaşdırılmasına şərait yaradıb. İddiaçı tərəf potensial olaraq milyonlarla müştərini əhatə edən kollektiv iddia statusunun verilməsini tələb edir. Məhkəmə sənədlərində qeyd olunur ki, sözügedən qiymət sistemi təxminən 14 min restoranda hər gün həyata keçirilən milyonlarla əməliyyatı təhlil edən mürəkkəb alqoritmlərə əsaslanır.
"McDonalds" şirkəti isə irəli sürülən iddiaları qəti şəkildə rədd edib. Şirkət rəsmiləri süni intellektin “Big Mac” və digər menyu məhsullarının qiymətini birbaşa müəyyən etmədiyini, həmçinin qiymət siyasəti ilə bağlı qərarların məhz françayzinq sahibləri tərəfindən tamamilə müstəqil şəkildə verildiyini bəyan ediblər.
Vüsalə Hüseynova,
BakuPost