Moldova Müstəqil Dövlətlər Birliyi (MDB) tərkibindən çıxır. Hökuməti bunun üçün əsas sənədləri ləğv edib. Qərar Nazirlər Kabinetinin son iclasında qəbul olunub. Bu qərar MDB-dən rəsmi çıxış prosesinin son mərhələsi hesab olunur.
Bakupost.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, qərara əsasən, hökumət MDB-nin yaradılması haqqında sazişin, həmin sənədə əlavə protokolun və təşkilatın nizamnaməsinin ləğvi ilə bağlı təşəbbüsü təsdiqləyib. Bu sənədlər MDB-də üzvlüyün hüquqi bazasını təşkil edir.
Məlumata görə, sənədlər növbəti mərhələdə ölkə parlamentinin müzakirəsinə təqdim olunacaq. Parlament qərarı təsdiqlədikdən və dövlət başçısı tərəfindən imzalandıqdan sonra Moldova təşkilatdan çıxış prosesinin hüquqi mərhələsini tamamlamış hesab edilə bilər.
Rəsmi Kişinyov son illərdə MDB strukturlarında iştirakını faktiki olaraq dayandırıb və təşkilat çərçivəsində imzalanmış bir sıra sazişlərin ləğvi prosesinə başlayıb. Bu addım ölkənin Avropa institutlarına inteqrasiya siyasətinin davamı kimi qiymətləndirilir.
Qeyd edək ki, Moldova 1991-ci ildə MDB-nin yaradılması haqqında sazişi imzalayan dövlətlərdən biri olub və uzun illər təşkilatın üzvü kimi fəaliyyət göstərib.