Son zamanlar daha bir keçmiş sovet respublikası Rusiyanı qıcıqlandıran real addımlar atmağa başlayıb. Moldova bu yaxınlarda MDB-dən çıxdığını bəyan edib. Ardınca bu ölkənin Prezidenti Maya Sandu bəyan edib ki, Moldovanın yenidən Rumıniyaya birləşmək ideyası daha da güclənib.
Moldovanın baş nazirinin reinteqrasiya üzrə müavini Valeriu Çiveri isə bəyan edib ki, Kişinyov Rusiya qoşunlarının separatçı Dnestryanıdan çıxarılmasını tələb etməkdə davam edəcək. Çiveri bildirib ki, Ukraynada davamlı və ədalətli sülhə nail olmaq Dnestryanı münaqişəsinin həlli, eləcə də Rusiya qoşunlarının Moldova ərazisindən çıxarılması üçün ilkin şərtlər yaradacaq.
Moldovanın bu sayaq addımları aydın məsələdir ki, Kremlin heç də ürəyincə deyil. Bu əsasda Moskva Moldovanı da cəzalandırmaq qərarına gələ bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
Bakupost.az-a bildirib ki, Rusiyanın Ukrayna məsələsini bitirməmiş növbəti hədəf olaraq Moldovanı seçəcəyi inandırıcı deyil:
“Moskva Ukrayna məsələsini bitirsə, sözsüz ki, onun növbəti hədəfi Moldova olacaq. Amma məsələ ondadır ki, Rusiya Ukraynada ilişib qalıb, işğalı genişləndirə bilmir. Rusiya ordusu Moldovaya daxil olmaq üçün Ukrayna ərazisindən keçməlidir. Bu isə onu deməyə əsas verir ki, quru yolla Rusiyanın Moldova ərazisinə daxil olmaq imkanı yoxdur”.
Ekspertin sözlərinə görə, Moldova Rumıniyanın tərkibinə qatılmaqla Rusiya təhlükəsindən də sığortalanacaq:
“Çünki, Rusiya heç zaman NATO üzvü olan Rumıniya ərazisinə hücum etməz. Moldova rəhbərliyi növbəti dəfə Rumıniyaya birləşmək məsələsini gündəmə gətirib. Əslində bu mövzu Sovetlər Birliyinin süqutundan bəri gündəmdədir. Moldova keçmişdə Bessarabiya adı ilə Rumıniyanın ərazisi olub. Bu təklifin hazırda cəlbedici olması Rumıniyanın Avropa İttifaqının üzvü olmasından qaynaqlanır. Belədə Moldova Rumıniyaya birləşsə, faktiki olaraq həmin ölkənin tərkib hissəsi kimi Kişinyov da Aİ-nin üzvü olacaq. Ayrıca şəkildə isə Moldovanın yaxın on illiklərdə Aİ-yə üzv olması mümkün deyil”.
Rüfət Sultan, BakuPost