İranın Ali dini rəhbəri Müctəba Xamenei ətrafında ziddiyyətli fikirlər səngimək bilmir. O, artıq 6 aya yaxındır rəhbər seçilsə də, cəmiyyət qarşısına çıxmaqdan yayınır. Bu əsasda onun haqqında müxtəlif şayiələr dolaşır. Bəziləri onun öldüyünü, digərləri ağır yaralandığını, başqaları isə təhlükəsizlik səbəbilə ictimaiyyət arasına çıxmadığını iddia edir.
Böyük Britaniyalı siyasi fəal və analitik Nikolas Lisak da hesab edir ki, Müctəba Xamenei ağır vəziyyətdə deyil, o, hələ martın ortalarından ölüb.
"Bakupost" xəbər verir ki, bu barədə Nikolas Lisak özünün X hesabında yazıb.
Onun fikrincə, bütün bu tamaşa sadəcə SEPAH-ın Müctəbanın öldüyünü təsdiqləmək və onun yerinə daha radikal tərəfdarını gətirmək üçün həyata keçirdiyi həyasız hiylədir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
“Bakupost”a bildirib ki, Müctəba Xamenei cəmiyyət qarşısına çıxacaq halda deyil:
“Onun təhlükəsizlik tədbirləri səbəbindən cəmiyyət qarşısına çıxmadığı barədə deyilənlər isə həqiqətə uyğun deyil. Ona qalsa, SEPAH generalları da hədəfdədir. Amma hamısı Əli Xameneinin vida mərasimində iştirak edib. Bu isə o anlama gəlir ki, Müctəba Xamenei ölməyib, amma ağır yaralı vəziyyətdədir və müalicəsi davam edir. Atasının vida mərasiminə də qatılmırsa. Deməli həqiqətən də vəziyyəti ağırdır”.
Politoloq Müctəba Xamenei ölüm xəbərinə niyə inanmadığını belə açıqlayıb:
“Hazırda onun adı ətrafında iki ehtimal irəli sürülür. Bir ehtimala görə, həlak olub, amma üstünü açmırlar. Ya da ki, ağır yaralıdır. Həlak olması versiyasına inanmıram. Həlak olsaydı, onu gizlətməyin bir mənası olmazdı. Deməli, ağır yaralı vəziyyətdədir və ona görə də cəmiyyət qarşısına çıxması lazım bilinmir. Amma təhlükəsizliyilə bağlı məsələ bəhanədən başqa bir şey deyil”.
Rüfət Sultan,
BakuPost