Ru
16:53 / 27 Sentyabr 2026

Müharibə ilə bağlı 5 film çəkiləcək - ADLARI

Müharibə ilə bağlı 5 film çəkiləcək -  ADLARI
Eye

“Vətən müharibəmiz mövzusunda hansı filmlər çəkilib, nəyə baxmaq olar” sualı ilə tez-tez qarşılaşırıq. Bu adları yadda saxlayın, gələn dəfə həmin sualı eşidəndə onlardan birini, ya da elə hamısını ürəklə tövsiyə edə bilərsiniz.

“44”

İrimiqyaslı döyük səhnələrilə zəngin epik filmin süjet xəttinin mərkəzində azərbaycanlı zabit ilə türkiyəli həkimin sevgi münasibəti dayanır. Müharibə və sevgi iki antoqonist haldır. Sevgi insanları birləşdirir, müharibə isə ayırır. Ona görə də dünya kinosunda müharibənin amansızlığını qabartmaq üçün onu sevgilərin fonunda göstərirlər. “44” də bu klassik sxemdən istifadə edib.
Filmin rəsmi təqdimatı oktyabrın 12-də olacaq.
"Borc”

Gənc DJ özündən çox razı idi, hamıya yuxarıdan-aşağı baxırdı. Araz aşığından idi, Kür topuğundan. Amma pandemiya başlayanda işləri çətinə düşür, həyat hər yandan onu sıxır, çoxlu borca girir, üstəlik, sevgilisinin hamilə qaldığı bəlli olur. Borcluların əlindən harasa qaçmaq lazımdır. Bu zaman müharibə başlayır. DJ müharibəyə Vətəni sevdiyi üçün yox, yerini tapa bilmədiyi həyatdan qaçan eqoist, şıltaq gənc kimi gedir. Fəqət tamam başqa cür qayıdır...
Filmin yaxın vaxtlarda təqdim olunacağı gözlənilir.
"Buzlar əriyəndə”

İki bacı bir maşında vaxtilə hələ uşaq ikən didərgin salındıqları torpaqlara qayıdırlar. Onların bir-birilə münasibəti heç vaxt yaxşı olmayıb. Aralarında sosial və psixoloji uçurum var. Amma indi birlikdə başlanğıca – talelərinin haçalandığı nöqtəyə qayıdırlar və getdikləri uzun yol boyunca onların arasındakı buzlar da əriyəcək. Film klassik “yolda çevrilmə” sxemini Böyük Qayıdışın fonunda işləyib və dərin psixoloji qatları olan “road-movie” alınıb.

“Mənə bənzəyən adam”

Spoylerə görə üzr istəmirəm, çünki bu halda spoyler tamaşaçını hazırlamağa xidmət edir. Bu filmə hazırlıqsız baxmaq isə gözlənilən effekti verməyəcək. Məsələ ondadır ki, “Böyük Qayıdış” – canlı insanların geriyə dönüşüdür. Amma bir də didərgin ruhlar var. Onlar da yurdlarına qayıtmaq üçün torpaqların düşmən tapdağından azad olunmasını gözləyirdilər. Nəhayət, o gün yetişib və ruhların da Böyük Qayıdışı başlayır. Film festival xarakterlidir, meditativ tempdə çəkilib, hadisələr çox ləng inkişaf edir. Amma sona qədər baxsanız, dərindən bir “həəəə...” deyərək, köks ötürəcəksiniz.

"Vətən çağırır”

Vətən Müharibəmiz mövzusunda uşaqları da unutmaq olmaz. Real hadisələr əsasında çəkilmiş bu animasiya filmi şanlı Vətən Müharibəmizin ilk anlarından - iki qəhrəman pilotun düşmənin HHM sistemlərini çaşdırmaq üçün “An-2” təyyarəsində çox təhlükəli missiya ilə havaya qalxmasından bəhs edir. Onların ölümdən qorxmamasının səbəbi təkcə qəhrəmanlıq ruhu yox, həm də uşaqlıqda yaşadıqları faciələr olub.
Film bu il təqdim ediləcək.
(mənbə: azvision.az)

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar