Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə ərsəyə gələn “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” adlı kitabın təqdimatı keçirilib.
Bakupost.az xəbər verir ki, kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəclidir. 4 fəsil, 248 səhifədən ibarətdir. "Mədəni İnkişafın Təbliği" İctimai Birliyinin Maarifləndirici təşəbbüslər çərçivəsində “Dəyərlərimiz – vəhdətimiz: Multikulturalizm” layihəsi əsasında Azərbaycan və ingilis dillərində çap olunub.
Əsərdə multikulturalizmin istər nəzəri (anlayış və mahiyyət, fəlsəfi və ideoloji əsaslar, multikultural dəyərlərin hüquqi-siyasi təməli), istər beynəlxalq təcrübə (tarixi inkişaf, ayrı-ayrı ölkələrdə tətbiqi və beynəlxalq qurumların multikultural siyasətdə iştirakı), istərsə də, Azərbaycan modelinə baxış (tarixi köklər, dövlət siyasətində yeri və rolu, üstünlükləri və beynəlxalq səviyyədə tanınması, əhəmiyyəti) çox vacib aspektlərdən təqdim olunub.
Təqdim olunan elmi əsər Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq ənənəsini təbliğ etməklə yanaşı, həm də dərs vəsaiti, metodik vasitə kimi istifadə oluna bilər.
Kitabın təqdimatında Mətbuat şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid giriş sözü ilə çıxış edərək tədbiri aparmaq üçün sözü şair, tərcüməçi, publisist, AYB İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənliyə verdi. Xalq yazıçısı, AYB sədrinin birinci müavini Çingiz Abdullayev kitabın, həmçinin ingilis dili versiyasını da oxuduğunu dedi və təqdirəlayiq, uğurlu bir işin ortaya qoyulduğunu qeyd etdi. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva, Azərbaycanın Əməkdar jurnalisti, şair, tərcüməçi, ədəbiyyat tənqidçisi Adil Cəmil, Bakı Beynəlxalq Multikulturalogiya Mərkəzində şöbə müdiri Yadigar Məmmədli, Tarix elmləri doktoru, professor, “Dərbənd” xeyriyyə cəmiyyətinin sədri Nurulla Əliyev, ”Dodo” qəzetinin redaktoru, yazıçı, jurnalist İradə Məlikova, Avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar, pedaqoq, Fəlsəfə doktoru Con Varney, Ü.Hacıbəyli adına BMA-nın baş müəllimi, Niyazi adına Dövlət simfonik orkestrinin ifaçısı, şair Lalə Muxtarova, qəzəlxan şair Mahcamal Babayeva, Cənubi Azərbaycan şairi Yaqoob Osili, şair, tərcüməçi Giya Paçxataşvili, şairlər Arzu Nehrəmli, Aysel Xanlarqızı, Rəfael Tağızadə, Tapdıq Əlibəyli, Rəfael Həbiboğlu, müəllimə, bəstəkar, ifaçı Vəfa Hüseynova çıxış edərək kitab haqqında xoş sözlər deyiblər.
Jalə Əliyeva belə kitabların ərsəyə gəlməsinin olduqca vacib və əhəmiyyətliliyini xüsusi ilə qeyd edib.
Tədbirdə həmçinin Az. Respublikası Kimya İnstitutunin Beynəlxalq Əməkdaşlıq sektorunun nümayəndələri, İctimai Birlik rəhbərləri, şairlər, yazıçılar, ziyalılar və s. iştirak etdilər. İştirakçılara Azərbaycan və ingilis dilində kitablar paylanıb.