Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə müqaviləsi bağlamaq niyyətindədirlər.
"Bakupost" xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat verib. Bununla əlaqədar olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif artıq Əl-Riyaddadırlar.
Sənədin bu gün imzalanması gözlənilir.
Hərbi ekspert Ramil Məmmədli
Bakupost.az-a bildirib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın hərbi müstəvidə yaxınlaşması yerləşdiyimiz bölgədə yeni hərbi-siyasi konfiqurasiyanın yaranması deməkdir:
“Prosesi hətta tarixi hadisə də adlandırmaq olar. Son 100 ildə bölgədə bu yaxınlaşmaya maneə olan ciddi qüvvələr mövcud olub”.
Müsahibimizin fikrincə, bu üç ölkənin yaxınlaşması bölgədə öz nüfuzunu saxlamaq və gücləndirmək istəyən ABŞ üçün o qədər də ürəkaçan deyil:
“Lakin deyə bilərik ki, bu yaxınlaşma Böyük Britaniyanın maraqları formatında həyata keçirilir. Ankara, Əl-Riyad, həm də İslamabad Londonla sıx əlaqələri olan ölkələrdir. O baxımdan bu hərbi-siyasi formatın Böyük Britaniyanın maraqları çərçivəsində olduğunu da qeyd edə bilərik. London bölgənin köhnə oyunçusudur. ABŞ isə bölgədə İkinci Dünya Müharibəsindən sonra aktivləşib”.
Ekspert hesab etmir ki, belə bir hərbi format Tehrana qarşı yönələcək:
“Bəzi şərhçilər yaranan formatı İran əleyhinə formalaşan hərbi-siyasi struktur kimi təqdim edir. Amma bu doğru yanaşma deyil. Düşünürəm ki, əslində İran özü region ölkələrinin iştirakı ilə belə bir birgə hərbi struktur yaradılmasının tərəfdarıdır, Rusiya da həmçinin”.
Belə bir əməkdaşlıq müsəlman dünyasında, xüsusən də süni İslam dünyasında yeni hərbi formatın yaranmasının bünövrəsini qoyur:
“Türkiyə son illər müsəlman ölkələrilə yaxınlaşmağa daha çox meyl edir. Bu da onun bariz nümunəsidir. Qarşıda bu üç ölkənin birgə hərbi təlimlərinin, müəyyən məsələlərə hərbi kontekstdə iştiraklarının şahidi olacağıq. Nüvə ölkəsi olaraq Pakistanın da prosesdə iştirakı mühüm əhəmiyyət kəsb edir”.
Rüfət Sultan,
BakuPost