Ru
22:36 / 19 Avqust 2021

MÜŞTAQ OLDUĞUMUZ

11015
Yəhya Babanlı
Şuşanın azad olunması ilə Zəfərin qazanılması təkcə Azərbaycan dövlətinin deyil, Azərbaycan diasporunun da 30 illik müstəqillik dövründə ən ali məqsədi və məramının nəticəsi idi.


Bu xüsusda, ölümə susamız müdrik bir xalq milli taleyüklü imtahandan da “alnı açıq, üzü ağ çıxdı”. “Dəmir yumruq” əməliyyatının strateqinin - qalib ordunun müzəffər sərkərdəsi, Azərbaycan Respublikası Prezidenti Zəfər nitqində vurğuladığı “Gözün aydın, dünya azərbaycanlıları!” fikirləri fəxarət ifadəsi olmaqla yanaşı, yeni təkamül mərhələsinə yol açdı. Məhz Şuşanın qələbənin kuliminasiya nöqtəsində və məğlubiyyətin kapitulyasiya nidasında dayanması-durması bu qədim müqəddəs şəhəri dünya azərbaycanlılarının qürur yerinə çevirdi.

Mübaliğəsiz demək olar ki, bu gün hər bir azərbaycanlı, milli heysiyyata malik soydaşımız və həmvətənimiz Azərbaycan diaspor ailəsinin üzvü olmaq xəyalındadır. Özü də istər Ana Vətəndə yaşayan, istərsə də xarici ölkələrdə məşkunlaşan olsun.
Ona görə ki, 30 ildir müştaq olduğumuz Qarabağ torpağını, Şuşa şəhərini gedib görmək üçün belə bir üfüq xətti mövcuddur. Məhz hazırda Şuşaya dünyanın müxtəlif istiqamətlərindən gələn marşrut xəttindən ələlxüsus Azərbaycan diaspor nümayəndələri bəhrələnə bildilər. Buna başlıca səbəb onların bura qısa müddətli gəlməsi, mentalitetimizdəki qonaqpərvərlik və propaqanda kimi mühüm əhəmiyyətli məqamlardır.
Diasporla İş üzrə Dövlət Komitəsinin peşəkarcasına həyata keçirdiyi koordinasiya nəticəsində artıq Tarixi Zəfərimizdən sonra Vətən müharibəsi vaxtı qürbətdə, qlobal təbliğat-təşviqat Cəbhəsində əsl vətənpərvərlik göstərən və beynəlxalq arenada ədaləti tələb edən və bu günlərdə Azərbaycanda olan diaspor təmsilçilərinin arzu və istəkləri nəzərə alınaraq, Qarabağa ikinci səfəri təşkil olundu.

Burada zəngin proqramla hərəkət edildi. Maddi və mənəvi hadisələrə şahidlik edildi. İllərdən bəri yaşanılan iztirabların - “Əziz Şuşa, sən Azadsan” deyərək köks ötürüldü, vəsiyyətlər yerinə yetirildi, ibadətlər edildi, övladlar şəhid atasının ruhuna dualar oxundu və ən nəhayət, Qərbin dolğun və axıcı səslənən simli musiqi alətində - Skripkada həsrət qoxan Azərbaycan xalq mahnısı - “Sarı gəlin” ifa olundu. “Nə xoşbəxtik bu gün bizə nəsib oldu” kimi fikirlər səsləndirildi…

Eyni zamanda, özləri ilə ikinci Vətən seçdikləri ölkələrin dövlət bayraqlarının ora götürülməsi, ən sarkal yerlərdə onların dalğalandırılmasını Azərbaycan insanının layiqliliyini, sədaqətini, sivilliyini, milli olduğu qədər bəşəriliyini göstərməklə yanaşı, dünyaya Sülh mesajı, Birgəyaşayışın nümunəsi üçün açıq mesajdır.
Mənşə ölkəsi ilə bərabər təyinat dövlətinin doğma hesab etmək və ona xidmət göstərmək Azərbaycan diasporunun xəttidir.

Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də digər dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələlər Azərbaycan diasporunun prinsipidir.

“Diaspor Şuşada” indi röyada deyil, gerçəklə səsləşən bir üstünlükdür. Bu ifadə artıq böyük missiyanın hədəfə çatdığını özündə əks etdirən yüksəlişin nəticəsidir.
Düzdür, “Zəfər Yolu” boyu təbiətin tar-mar olunmasını seyr etmək, “fauna və floranın çarmıxa çəkilməsi”nə şahidi olmaq, törədilən vandallığı görmək, yerlə yeksan edilmiş yaşayış məskənlərinə baxmaq insanı öləzidir. Buna baxmayaraq hər bir azərbaycanlı “zəvvarlara qoşulmaq və ziyarətdə olmaq” arzu və istəyindədir. Çünki, haqq və ədalət marşrutunun Qarabağa - Şuşaya doğru irəliləməsinə səbəb xeyrin şər üzərində qələbəsidir. Bu bizdə hiss və həyəcan doğurur və hamımıza İlham verir.

Heç şübhəsiz ki, Azərbaycan diasporunun Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan Zəfər yolunda məğrur yürüyüşünün davamını prinsipial xarakter daşıyan Zəngəzur dəhlizi təşkil edir.
Qoy, Zəfər yolumuz açıq - gözümüz aydın olsun...
Şərhlər
  • Cebrayil musayev

    Naxcıvan

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər