Vətən müharibəsi iştirakçısı və 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Məmmədov Məhəmməd Bilal oğlunun həyatı və döyüş yolu haqqında kitab Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə verilib.
Bakupost.az xəbər verir ki, rəssam, yazıçı-publisist Zahir Məliklinin müəllifi olduğu “Məhəbbət qürbətə gedərmiş. Şəhid Məhəmməd Məmmədov” (Bakı,”Qanun”-2024.-296 səh.) adlanan kitab muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümova təqdim olunub.
Muzeyin daimi elmi ekspozisiyasının “Zəfər” zalında baş tutan təqdimatda müəllif Zahir Məlikli və şəhidin atası Məmmədov Bilal iştirak edib.
Qeyd edək ki, şəhid Məhəmməd Məmmədova məxsus hərbi səhra papağı, komandir hazırlığı dəftəri, Azərbaycan bayrağı, kəşfiyyatçının qol nişanı, rəngli qələm və beş ədəd fotoşəkil muzeyin Vətən Müharibəsi fondunda daimi mühafizədədir.
Şəhid Məhəmməd Məmmədov 1995-ci il dekabrın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.
Məhəmməd Məmmədov 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Biləsuvar rayonunun Ağalı kənd qəbiristanlığında dəfn edilib. "Cəsur döyüşçü" (2020), "Füzulinin azad olunmasına görə" (2020), "Xocavəndin azad olunmasına görə" (2020),"Şuşanın azad olunmasına görə" (2022), “Vətən uğrunda” (2022) medalları və “Azərbaycan bayrağı” (2022) ordeni ilə təltif edilib.