Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və kiberdələduzluqda ittiham olunan Rusiya vətəndaşlarından ibarət cinayət qrupunun işi üzrə məhkəmə prosesi davam edir.
Bakupost.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.
Təqsirləndirilənlərin vəkili Cavad Cavadlı məhkəmə qərarı ilə razılaşmadıqlarını bildirərək, müdafiə tərəfinin bu qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Xatırladaq ki, Rusiya vətəndaşlarından ibarət sözügedən qrup ötən ilin iyul ayında Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi genişmiqyaslı xüsusi əməliyyat nəticəsində saxlanılıb. Onlara İran ərazisindən narkotik vasitələrin tranziti və qanunsuz dövriyyəsi, həmçinin kiberdələduzluqla bağlı ağır maddələr üzrə ittihamlar irəli sürülüb.
Qeyd edək ki, şübhəlilər iyul ayından etibarən həbsdə saxlanılır. Onların həbs müddəti daha əvvəl oktyabr ayında da uzadılmışdı. Son qərarla istintaq orqanına cinayət işinin yekunlaşdırılması üçün əlavə üç ay vaxt verilib.