Qazaxıstanda saxlanılan azərbaycanəsilli rusiyalı reper Navai (əsl adı Nəvai Bəkirov) məhbuslara qarşı işgəncə faktları ilə gündəmə gəlmiş istintaq təcridxanasına yerləşdirilib.
"Bakupost" bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Qazaxıstanın Taraz şəhərində yerləşən 13 nömrəli istintaq təcridxanası 2022-ci ildə istintaq altında olan şəxslərlə amansız rəftar və işgəncə faktlarına görə gündəmə gəlmişdi. Hadisələr böyük rezonans doğurduqdan sonra ölkənin Baş Prokurorluğu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı araşdırmalara başlamağa məcbur olmuşdu.
"Mash" kanalının məlumatına görə, Nəvai Bəkirov hazırda təkadamlıq kamerada saxlanılır. İfaçının vəkili məsələni üç həftə ərzində hüquqi müstəvidə həll edərək prosesi yekunlaşdırmağa ümid edir.