2030-cu ilə qədər Azərbaycanda buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənir.
“Bakupost” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfransda bildirib.
"Son illərdə toxum keyfiyyətinə nəzarət sahəsində mühüm addımlar atılıb. Aprobasiya prosesinin rəqəmsallaşdırılması, toxumluq sahələrin rəqəmsal xəritələşdirilməsi sertifikatlı toxumların keyfiyyətinin və mənşəyinin izlənəbilərliyi tam təmin edilib. Çox yaxşı haldır ki, əvvəlki illə müqayisədə buğda və arpa toxum istehsalında nəzərəçarpan artım müşahidə olunub. Belə ki, ümumilikdə 81 min ton toxum istehsal edilmişdirsə, cari ildə bu rəqəmin 100 min tona yaxın olacağı gözlənilir. Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənir. Bununla yanaşı, kartof, tərəvəz, yem və texniki bitkilərin toxumu ilə təminat səviyyəsinin artırılması da qarşıda duran əsas vəzifələrdəndir", -deyə o qeyd edib.
Kənd təsərrüfatı mütəxəssisi
Vahid Məhərrəmov “Bakupost”a bildirib ki, indi hər şeyi süni intelekt vasitəsilə sadələşdirmək mümkündür:
“Hətta deyilə bilərlər ki, 2030-cu ildə keyfiyyətli buğda toxumu da ixrac edəcəyik. Fikri ifadə etmək hələ o demək deyil ki, ona nail olmaq üçün hansısa işlər görülür”.
Mütəxəssis qeyd edir ki, toxumçuluğun inkişafı ilə bağlı məsələdə reallıqda ciddi problemlər mövcuddur:
“Müasir dövrün tələbinə cavab verən yüksək məhsuldar toxum istehsal etmək üçün mütləq mənada seleksiya, genetika sahələri üzrə peşəkarlar olmalıdır. Toxumçuluqla məşğul olacaq təsərrüfatlarda çalışacaq insanlar da yüksək peşəkarlar olmalıdır. Qlobal çağırışlar, xüsusən də qlobal istiləşmə prosesə yeni yanaşma tələb edir. Azərbaycanda regionlar arasında fərqli torpaq-iqlim şəraiti var. Hər bir region üçün xüsusi sortlar yetişdirilməlidir ki, həm dəyişən iqlim şəraitinə, həm biotek, aqrotek stresslərə dözümlü olsun, həm də yüksək məhsuldar olsun. Bunun üçün isə hansısa bir hazırlıq işləri görülməyib, yerli baza da yoxdur”.
Ekspertin sözlərinə görə, müvafiq qurumlar problemi görmür:
“Görsəydilər, indiki resurs və peşəkarlıqla 2040-cı ilə qədər ölkəni toxumla 50 faiz təmin etməyə çalışacaqlarını deyərdilər”.
Rüfət Sultan,
BakuPost