Azərbaycanda əhalinin kənddən şəhərə axını davam edir. Kənd əhalisi yaşadığı məkanda özünü və ailəsini təmin edə bilmədiyindən, iş arxasınca şəhərə üz tutur.
Belə vəziyyətdə isə şəhərlər həddən artıq yüklənməkdə davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu məsələyə toxunaraq kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesinə başlamağın vacibliyini önə çəkib.
Prezident qeyd edib ki, bunun üçün kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov
Bakupost.az-a bildirib ki, Azərbaycanda kənddən şəhərə axının əsas səbəbi kəndlərdə iş yerlərinin tapılmaması ilə əlaqədardır:
“Kənd təsərrüfatı məhsullarının istehsalı bir çox hallarda ziyanla başa gəlir. Bütün il boyu işləyən kəndli-fermer yaz-yay əkinçi olsa da, qışda dilənçidir. Ona görə də kənd sakinləri, xüsusən də gənclər şəhərə üz tutmaqda davam edirlər”.
Ekspert şəhərdən kəndə axını mümkün hesab edir. Amma eyni zamanda, deyir ki, bunun üçün böyük işlər görülməlidir:
“Vaxtilə rayonlarda zavod və fabriklər vardı. Məsələn, Şəmkirin Zəyəm qəsəbəsində maşınqayırma zavodu və toxuculuq fabriki işləyirdi. Toxuculuq fabrikində 300-400, maşınqayırma zavodunda isə 700 işçi çalışırdı. İndi hər ikisi bağlıdır. Verilən pay torpaqları isə bir o qədər də gəlir gətirmir. Kənd təsərrüfatı məhsulu istehsalını qaydaya salmaq və emal müəssisələrinin yaradılması yolunda işlər görülməlidir. Habelə, sahəyə investisiya yatırılmalı, sahibkarlar cəlb edilməlidir. Azərbaycan çoxsaylı adda mal, məhsul istehsal etmək imkanındadır. Amma bunun üçün normal mühit yaradılmalıdır. Bu baş verərsə, şəhərdə yaşayan kəndli də geri qayıdacaq”.
Rüfət Sultan, BakuPost