Beynəlxalq səviyyədə nəsli təhlükə altında olan və “IUCN” Qırmızı Siyahısına daxil edilən “Avropa bizonu” (“wisent” və ya “bison bonasus”) qorunmaq məqsədilə Azərbaycana gətirilir.
Bakupost.az xəbər verir ki, ilkin mərhələdə Avstriyanın Alpenzoo zooparkında doğulan İna adlı bizon göndəriləcək. Bu addım Avropa və Qafqaz regionlarını əhatə edən beynəlxalq mühafizə proqramı çərçivəsində atılır.
Mütəxəssislərin məlumatına görə, bir vaxtlar Avropanın böyük hissəsində yayılmış bizonların sayı XX əsrdə kütləvi ov və yaşayış mühitinin məhv edilməsi səbəbindən kritik həddə enib. Hazırda dünyada bu növdən yalnız bir neçə min fərd mövcuddur və onların genetik müxtəlifliyi olduqca məhduddur. Bu səbəbdən “Avropa bizonu” beynəlxalq səviyyədə xüsusi mühafizə olunan növlər siyahısına daxil edilib.
Azərbaycana gətiriləcək bizon Şahdağ Milli Parkının ərazisində yerləşən xüsusi mühafizə zonasında saxlanılacaq. Heyvan ilkin mərhələdə uyğunlaşma və müşahidə prosesindən keçəcək. Daha sonra isə Quba və Qusar rayonlarını əhatə edən dağ-meşə massivlərinə, yəni Böyük Qafqazın təbii meşə ekosistemlərinə mərhələli şəkildə buraxılması planlaşdırılır.
Layihənin əsas məqsədi bizonların Qafqaz regionunda tarixi yayılma arealının bərpası, təbii şəraitdə dayanıqlı populyasiyanın formalaşdırılması və növün uzunmüddətli qorunmasının təmin edilməsidir. Proqram beynəlxalq ekoloji təşkilatlar, Avropa zooparkları və Azərbaycan tərəfi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Qeyd edilir ki, bizonların təbiətə qaytarılması yalnız bir heyvanın köçürülməsi deyil, eyni zamanda nadir və nəsli təhlükə altında olan növlərin qorunması sahəsində Azərbaycanın regional ekoloji təşəbbüslərdə rolunun gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
Cavid, BakuPost