Niderland Milli Təhlükəsizlik və Terrorizmə qarşı Mübarizə üzrə Koordinatoru (NCTV) tərəfindən yayımlanan illik hesabatda ilk dəfə olaraq İsrail milli təhlükəsizlik üçün təhdid yaradan dövlətlər siyahısına daxil edilib.
Bakupost.az xəbər verir ki, hesabatda İsrailin Niderlandda ictimai rəyə və siyasi proseslərə gizli şəkildə təsir etməyə çalışdığına dair sübutların mövcud olduğu bildirilir.
Bu təsirin əsasən dezinformasiya kampaniyaları və mediativ fəaliyyətlər vasitəsilə həyata keçirildiyi qeyd olunur.
NCTV-nin sənədində vurğulanır ki, bu cəhdlər ölkə daxilində siyasi qütbləşməni artırmaq, ictimai narazılığı dərinləşdirmək və demokratik institutlara olan etimadı sarsıtmaq məqsədi daşıyır.
Bildirilir ki, xüsusi narahatlıq doğuran başqa bir məsələ isə Niderland vətəndaşlarının həssas şəxsi məlumatlarının israilli strukturlar tərəfindən rəsmi kanallardan kənar yollarla əldə edilərək yayılmasıdır. Hesabatda bu fəaliyyətlərin kiberkəşfiyyat və məlumat manipulyasiyası kontekstində qiymətləndirildiyi bildirilir. Bu cür məlumatların şantaj, təzyiq kimi istifadə oluna biləcəyi də qeyd edilir.
İsrail tərəfi bu hesabatla bağlı rəsmi açıqlama verməyib.
Analitiklər hesab edirlər ki, sözügedən hesabat Niderland-İsrail münasibətlərinə mənfi təsir göstərə və qarşılıqlı etimadın azalmasına səbəb ola bilər.