Ru
11:11 / 09 Mart 2021

Niyaz Niftiyevin suçu nə? – İlginc detallar

17485
11 aydır həbsdə saxlanılan tanınmış jurnalist, Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyevin məhkəmə prosesi davam edir.

“Bakupost”un əməkdaşı Niyaz Niftiyevin istintaq materialları ilə tanış olub, onun əslində, nədə günahlandırıldığını, niyə heç bir vəsatətinin qəbul edilmədiyini, niyə 11 ay davam edən istintaq müddətində polis nəzarətinə verilmədiyini araşdırıb.

İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N.Niftiyev imzası var. O 4 arayışdan biri iş yerini təsdiq edən sənəd kimi Rəhimə Zeynalova adlı Bələdiyyə əməkdaşına verilib. İstintaqı aparan müstəntiq iş yerini təsdiq edən arayışı guya, karantin dövründə hərəkət hüququ qazanmaq üçün verilən sənəd kimi işə əlavə edib. Amma Niyaz Niftiyevin ifadəsindən görünür ki, bu, hərəkət hüququ qazandırmaq üçün deyil, məşğul olduqları fəaliyyət sahəsini təsdiq etmək üçün verilib. Arayışlarda qeyd olunub ki, pandemiya dövründə hərəkət hüququ qazanmaq üçün icaze.gov.az saytında qeydiyyatdan keçsinlər. Bu 3 arayışın 2-də məişət tullantılarına borca görə ayrı-ayrılıqda 19 və 30 manat məbləğində ödəniş alınıb.

Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.

İstintaq materiallarından görünür ki, müstəntiq 23 dekabrda müdafiəçinin verdiyi vəsatətə baxmadan ittiham aktını tərtib edib, elə həmin gün də ittiham aktını imzalayıb. Hansı ki, Cinayət-Prosessual Məcəlləsinin 287.1 maddəsinə əsasən cinayət prosesi iştirakçının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saata kimi vaxt verilə bilər.

İttiham aktında qeyd olunur ki, guya, Niyaz Niftiyev əvvəlki sədr Mətanət Nəsibovanın imzasını oxşatmaqla 1 gündə 20 arayış verib. Və həmin arayışların da 7-sindən müvafiq şöbə tərəfindən 10, 15, 20 və digər xırda məbləğlərdə ümumilikdə 175 manat ödəniş alınıb. Amma Niyaz Niftiyev bu iddianı qətiyyətlə rədd edib və bu barədə faktları, 9 sənədin ksero-surətini istintaqa təqdim edib. Təəssüf ki, istintaq bu faktları da nəzərə almayıb.



Niyaz Niftiyevə qarşı ittiham irəli sürülən maddələrdən biri rüşvətlə bağlıdır. Amma iş üzrə ifadə verən və ittiham aktında əks olunan heç bir epizod üzrə kimdənsə rüşvət almağı və yaxud kiminsə yerinə imza atmağı öz təsdiqini tapmır. Bu faktı əməliyyat çəkilişi də sübut edir. İttiham aktında da qeyd olunur ki, Mətanət Nəsibovanın imzasını oxşatmaqla çəkdiyi digər 13 arayışdan hər hansı bir ödəniş alınmayıb. Aktın davamında çox maraqlı bir cümlə yazılıb. Qeyd olunub ki, bu arayışları rüşvət qarşılığında deyil, nüfuz qazanmaq üçün verib(!). Maraqlıdır, Niyaz Niftiyev nüfuz qazanmaq üçün Mətanət Nəsibovanın imzasını niyə oxşatmalıdır? Müstəntiqin qeydlərindən belə çıxır ki, Niftiyev nüfuz qazanmaq üçün saxta arayış verib. Yəni burada heç bir rüşvətalmadan söhbət getmir. Hər kəsə bəllidir ki, illərdir, bələdiyyə tərəfindən minlərlə oxşar məzmunlu arayışlar verilir. İstintaq orqanı təsdiqləyir ki, arayış verilən xeyli sayda şəxs var ki, onların məişət tullantıları ilə bağlı borcları olmadığı üçün heç bir ödəniş ödəmədən arayış alıblar. Bu, əslində, müstəntiqə Niyaz Niftiyevə açılmış cinayət işinə xitam vermək üçün əsas ola bilərdi. Amma nə baş verib? İstintaq bunu Niyaz Niftiyevin həmin şəxslərin yanında nüfuz qazanmaq üçün arayışları verdiyi nəticəsinə gəlib.

Açıq görünür ki, ilkin ittiham öz təsdiqini tapmadığı üçün cinayət işinin icraatına xitam verilməli olduğu halda, istintaq orqanı heç bir əsas olmadan, əlavə araşdırılmalar aparıb, ilkin ittihamla hər hansısa bir hüquqi bağlılığı olmayan ittiham irəli sürülüb.

Qeyd edək ki, Niyaz Niftiyev 1998-ci ildən 2020-ci ilin yanvar ayına kimi “Azadinform” İnformasiya Agentliyində parlament müxbiri, redaktor və baş redaktor vəzifələrində çalışıb.
15 il Prezident Admnistrasiyası üzrə akkreditasiya olunmuş müxbir kimi fəaliyyət göstərib.
2011-ci ildə “Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunub.
2015-ci ildə “Azərbaycanda birgəyaşayış və multikulturalizm”, 2017-ci ildə isə “Mətbuatda multikulturalizm” kitablarını yazıb.
2018-ci ildə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilib.
23 dekabr 2019-cu ildə Binəqədi qəsəbə Bələdiyyəsinə üzv seçilib.
17 yanvar 2020-ci ildən 07 aprel 2020-ci ilə kimi Binəqədi qəsəbə Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb.
07 aprel 2020-ci ildə Binəqədi qəsəbə Bələdiyyəsinin sədri seçilib. Cəmi bir həftə sonra həbs olunub.

Elçin Mirzəyev
Bakupost


Şərhlər
  • Yaşar Zeynalov

    Niyaz Niftiyevə qarşı qərəz və yalnışın olduğuna əminəm. Mən ölkənin parlaq gələcəyini Niyaz kimi ziyallıların iştirakında görürəm. Yadıma üstündən iyirmi ilə yaxın bir müddət keşmiş hadisə düşdü. Yadımdadır, Bakıda keşirilən hansısa beynəlxalq tədbirə ermənilər də dəvət edilmişdi. Buna Qarabağ Azadlıq təşkilatının rəhbəri mAkif Nağı başda olmaqla qazilər etiraz etdilər və tədbir keçirilən yerdə etirazlarını bildirərək ermənilərin Bakını tərk etməsini tələb etdilər. O zaman Akif nağını həbs etdilər, üstünə bir neçə maddə ilə cinayət işi açırdılar. Təcili məhkəmə və həbs qərarı və s.... Bir neçə gündən sonra prezident məsələ reaksiya verdi və Akif Nağıya apeyasiya şikayəti verməyi tövsiyə etdi. Bundan sonra Əli Həsənov efirə çıxıb dedi ki, "bilirsiz biz hər zaman demokratiyanın tərəfdarı olmuşuq. Biz də hesab edirik ki, Akif Nağı həbs olunmamalıdır. Halbu ki, Akif Nağının nhəbs edilməsinin ssenari müəllifi məhz Əli Həsənov idi. Mənə elə gəlir ki, Niyaz müəllimin həbsi kiminsə yazdığı ssenarinin tərkib hissəsidir. Allah şeytana LƏNƏT eləsin!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər