Norveçdə minlərlə vətəndaş son günlər Silahlı Qüvvələrdən rəsmi məktublar almağa başlayıb. Məktublarda müharibə və ya ciddi böhran vəziyyəti yaranacağı təqdirdə evlərin, avtomobillərin, qayıqların və müxtəlif texniki vasitələrin dövlət tərəfindən müsadirə oluna biləcəyi barədə xəbərdarlıq yer alıb.
Bakupost.az “Frans Press Agentliyi”nə istinadən xəbər verir ki, Norveç ordusu açıqlamasında bildirib ki, bu cür tədbirlərin məqsədi müharibə şəraitində Silahlı Qüvvələrin ölkəni müdafiə etmək üçün zəruri resurslarla təmin olunmasıdır. Qeyd olunub ki, 2026-cı ilə hazırlıq çərçivəsində təxminən 13 min 500 müsadirə əmri qüvvəyə minəcək.
Açıqlamada vurğulanır ki, göndərilən məktubların sülh dövründə praktik hüquqi təsiri yoxdur və yalnız vətəndaşları mümkün silahlı münaqişə zamanı ordunun bu səlahiyyətə malik olduğu barədə əvvəlcədən məlumatlandırmaq məqsədi daşıyır. Müsadirə əmrləri bir il müddətində etibarlı sayılır və 2026-cı ildə göndəriləcək bildirişlər əvvəlki illərdə verilmiş qərarların yenilənmiş formasıdır.
Norveç ordusunun logistika bölməsinin rəhbəri Anders Yernberq bildirib ki, son illərdə böhran və müharibəyə hazırlığın əhəmiyyəti kəskin şəkildə artıb. Onun sözlərinə görə, Norveç İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükəsizlik vəziyyəti ilə üz-üzədir və cəmiyyət ən pis ssenarilərə hazır olmalıdır. Yernberq həmçinin hərbi və mülki hazırlığın əhəmiyyətli dərəcədə gücləndirildiyini qeyd edib.
NATO-nun Arktika bölgəsində əsas dayaq nöqtələrindən sayılan Norveç son illər digər Avropa ölkələri kimi müdafiə qabiliyyətini artırır. Skandinaviya ölkəsi Rusiya ilə 198 kilometrlik quru və dəniz sərhədinə malikdir ki, bu da təhlükəsizlik məsələlərinə xüsusi həssaslıq yaradır.
Hadisə Avropada təhlükəsizlik risklərinin artdığı və NATO ölkələrinin hərbi hazırlıq tədbirlərini genişləndirdiyi bir dövrə təsadüf edir.
Cavid, BakuPost