ABŞ-də aralıq seçkilərə az vaxt qalıb. Noyabrın 3-də ABŞ seçiciləri Nümayəndələr Palatasının bütün 435 üzvünü, Senatdakı 100 yerdən 35-i, həmçinin bir sıra ştatların qubernatorları və yerli orqanların nümayəndələrini seçməlidirlər.
Bu seçkilər, az ehtimal edilsə də, Trampın respublikaçılar partiyasının qələbəsilə yekunlaşarsa, Ağ Ev sahibi fürsətdən istifadə edib, İrana qarşı yenidən hərbi əməliyyatlara start verə bilərmi?
Siyasi şərhçi Rəşad Bayramov
“Bakupost”a bildirib ki, Tramp özü də noyabrda keçiriləcək aralıq seçkilərindən sonra ya İranın şərtləri qəbul edəcəyi, ya da hərbi əməliyyatlara başlanılacağına dair bəyanatla çıxış edib:
“Yəni başqa sözlə desək, yeni hərbi eskalasiya artıq yalnız nəzəri ssenari deyil. Düzdür, Ağ Ev administrasiyası İranla danışıqların davam etdiyini bildirir, amma Vaşinqtonun hərbi təzyiq imkanlarını qoruduğu da açıq şəkildə görünür”.
Respublikaçıların seçkidə qələbəsinə gəldikdə, müsahibimiz deyir ki, bu hələ dərhal hərbi əməliyyatların başlaması demək olmayacaq:
“Lakin bu nəticə Trampın daxili siyasi mövqeyinə, Konqresdəki dəstəyinə və administrasiyanın xarici siyasət qərarlarını həyata keçirmək imkanlarına təsir göstərə bilər. Digər tərəfdən, müharibənin iqtisadi nəticələri, enerji qiymətlərinin yüksəlməsi və Amerika cəmiyyətində hərbi müdaxiləyə münasibət Ağ Evin hesablamalarında mühüm rol oynayacaq”.
Ekspert burada Netanyahu amilinin də diqqətdən kənarda qalmamalı olduğunu söylədi:
“Məlumatlara görə, İsrailin baş naziri ilə Tramp arasında İrana qarşı yeni əməliyyat ehtimalı artıq müzakirə edilib. Məlumatda İsrail tərəfinin İranın nüvə proqramını bərpa etməsi ilə bağlı narahatlıqlarını Vaşinqtona çatdırdığı bildirilir. Bununla yanaşı, Ağ Evin açıqlamaları və Netanyahu ofisinin mövqeyi məsələnin hələ yekun qərar mərhələsinə çatmadığını göstərir.
Beləliklə, seçkidən sonrakı dövr hərbi əməliyyatların başlanması üçün əvvəlcədən müəyyən edilmiş tarix deyil, Vaşinqtonun siyasi və hərbi seçimlərini yenidən nəzərdən keçirə biləcəyi mərhələ ola bilər”.
Həmsöhbətimizin fikrincə, Tehranın son addımları da mümkün yeni qarşıdurma ehtimalının ciddiliyini önə çıxarır:
“Prezident Pezeşkian, parlament sədri, Təhlükəsizlik Şurasının rəsmiləri və ən son olaraq İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlayi-Nik ABŞ və İsrailin yeni hücumuna daha sərt cavab veriləcəyini bildiriblər. İran cavab zərbələri üçün mümkün hədəfləri müəyyənləşdirdiyini, raket və pilotsuz uçuş aparatları da daxil olmaqla hərbi imkanlarını genişləndirdiyini bildirir. Bu açıqlamalar İranın çəkindiricilik strategiyasını gücləndirməyə çalışdığını göstərir.
Ümumilikdə isə noyabr seçkilərindən sonra seçkilərin nəticələrindən asılı olmayaraq İrana qarşı hərbi əməliyyatların bərpası kifayət qədər real görünür. Əsas göstəricilər seçkinin nəticəsi yox, ABŞ–İran danışıqlarının taleyi, hərbi qüvvələrin hazırlıq səviyyəsi və təhlükəsizlik qiymətləndirmələri olacaq”.
Rüfət Sultan,
BakuPost