Ru
12:23 / 07 Oktyabr 2026

"Ödəniş edən tələbələrin pulu geri qaytarılacaqmı?": Təhsil ekspertindən SƏRT TƏNQİD

"Ödəniş edən tələbələrin pulu geri qaytarılacaqmı?":  Təhsil ekspertindən SƏRT TƏNQİD
Eye

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqlamasına görə, universitetlərə ödənişli əsaslarla qəbul olunan 1870 tələbə əlavə müsabiqənin nəticəsinə əsasən dövlət hesabına təhsil almaq hüququ qazanıb.

Təhsil eksperti Məzahir Məmmədli “Bakupost”a bildirib ki, bu yaxşı hal olsa da, bir sıra haqlı suallar da yaradır:

“Bu 1870 nəfər niyə ilk müsabiqə zamanı dövlət hesabına yerləşdirilməyib? DİM-in açıqlamasına görə, müəyyən sayda dövlət sifarişli yer boş qalıb. Sonradan həmin boş yerlər üçün ödənişli qəbul olunan tələbələr arasında əlavə müsabiqə keçirilib.
Bu tələbələr həmin vaxta qədər universitetdə qeydiyyatdan keçib, təhsil haqqı ödəyib, ailəsinin büdcəsindən pul çıxarıb, hətta bəlkə borca da düşüblər.

Ekspert bu əsasda DİM-i sistemi vaxtında müəyyən edə bilməməkdə suçlayıb:

“Dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə balları uyğun gələn abituriyentlər arasında bölüşdürülməyib?

Sistem bunu ilk mərhələdə texniki və ya təşkilati səbəbdən edə bilmirdisə, bunun məsuliyyəti kimdədir?

Artıq təhsil haqqını ödəmiş həmin tələbələrin pulu necə olacaq?”

Həmsöhbətimizin sözlərinə görə, vətəndaşdan ödənişi vaxtında tələb etməyi bacaran sistem, vətəndaşın haqqını vaxtında müəyyənləşdirməyi də bacarmalıdır:

Bu, sadəcə 1870 tələbənin məsələsi deyil. Bu, qəbul sisteminə və DİM-in qərarlarına olan etimad məsələsidir.

DİM bu suallara açıq və konkret cavab verməlidir. Niyə bu tələbələr əvvəlcədən dövlət hesabına yerləşdirilməyib? Neçə nəfər artıq təhsil haqqını ödəyib? Ödənilmiş vəsait geri qaytarılacaqmı və bu gecikmənin məsuliyyəti kimdədir?

Dövlət hesabına oxumaq hüququ sonradan “hədiyyə” kimi təqdim edilməməlidir.

Əgər bu hüquq tələbənin balı ilə qazanılıbsa, o hüquq vaxtında və düzgün tətbiq edilməlidir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar