Əmək müqaviləsi imzalayarkən bir çox işçi sənəddə yer alan bəzi vacib məqamlara diqqət yetirmir. Nəticədə isə iş saatları, əməkhaqqı, məzuniyyət, kompensasiya və işdən çıxarılma şərtləri ilə bağlı sonradan ciddi problemlər ortaya çıxır. Əmək münasibətlərində yaranan mübahisələrin əhəmiyyətli hissəsi müqavilə şərtlərinin düzgün oxunmaması və hüquqi detallara laqeyd yanaşılması ilə bağlıdır.
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında əmək müqaviləsi bağlanarkən bir neçə vacib məsələyə xüsusi diqqət yetirilməli olduğunu bildirib:
“İlk növbədə vəzifə öhdəliklərinə diqqət edilməlidir. Burada söhbət təkcə vəzifənin adından deyil, işçinin hansı funksiyaları yerinə yetirəcəyindən gedir. Müqavilədə işçinin görəcəyi işlər dəqiq şəkildə göstərilməlidir. Əks halda sonradan işəgötürən əlavə tapşırıqlar tələb edə və bunu müqavilə ilə əsaslandırmağa çalışa bilər. Bu baxımdan qeyri-müəyyənliyə yol verilməməsi vacibdir. Digər mühüm məsələ əmək haqqıdır. İşçi müqavilədə qeyd olunan maaş məbləğinin necə hesablandığına diqqət yetirməlidir. Xüsusilə əmək haqqı ümumi məbləğ kimi göstərilibsə, həmin vəsaitdən vergi və digər məcburi ödənişlərin çıxılacağı nəzərə alınmalıdır”.
O deyib ki, müqavilənin müddətli və ya müddətsiz olması da vacib məqamlardan biridir:
“İşçi hansı müddətə işə qəbul olunduğunu dəqiq bilməlidir. Adətən müddətsiz əmək müqaviləsi işçi üçün daha əlverişli hesab olunur. Bundan əlavə, iş yeri ilə bağlı məsələlər də öncədən dəqiqləşdirilməlidir.
Müqavilədə iş yerinin harada yerləşdiyi açıq şəkildə göstərilməlidir ki, sonradan işçinin uzaq məsafədə yerləşən başqa ünvana göndərilməsi kimi hallar yaranmasın. Əmək müqaviləsi imzalanarkən bu kimi detallara diqqət yetirilməsi gələcəkdə yarana biləcək hüquqi və iş münasibətləri ilə bağlı problemlərin qarşısını almağa kömək edir”.