Artıq iki aya yaxındır Mərkəzi Bank tərəfindən valyuta hərracları keçirilmir.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu bardə danışarkən bildirib ki, bazarda valyuta təklifi tələbi kəskin üstələyib.
Onun dediyinə görə, bu səbəbdən də AMB apreldə valyuta bazarına müdaxilə edib. Nəticədə AMB-nin ehtiyatları 12,7 mlrd. dollara çatıb.
AMB sədri hesab edir ki, mövcud vəziyyət qarşıdakı 2-3 ay ərzində davam edəcək.
T.Kazımov ehtimal edir ki, AMB ilin sonunda yenidən valyuta bazarına müdaxilə edə bilər.
Bank-maliyyə eksperti Əkrəm Həsənov
Bakupost.az-a bildirib ki, valyuta bazarında təklifin tələbi üstələməsinə artan neft qiymətləri təsir göstərib:
“Hazırda bazarda valyuta təklifi çoxdur. Neftin bahalaşması ilə hazırda ölkəyə əvvəlki dövrlə müqayisədə daha çox valyuta daxil olur. Bunun qarşılığında valyuta almaq istəyənlər isə elə də çox deyil. Bu da insanların böyük gəlirlərinin olmamasından qaynaqlanır. Manatın sabit olması da burada öz sözünü deyir. İnsanlar bu səbəbdən vəsaitlərini milli valyutada saxlamağa üstünlük verməkdə davam edirlər”.
Rüfət Sultan, BakuPost