Artıq 20 ildir ki, ölülərin yuyulması ilə məşğul olan Məşhədi Samir deyir ki, bu işə təsadüfən başlayıb. O, ölülərdən qorxmasa da, gecələr işıqsız yatmaqdan çəkinir. Samirin sözlərinə görə, tez-tez qorxulu yuxular görür.
“Əhmədlidə işləyirdim. Orada Fəxrəddin adlı bir oğlan var idi. O, bəzən başqa işləri ilə bağlı işdən çıxırdı. Cənazələr gələndə geri qayıtmasın deyə, mən başladım yumağa. Sonra da bu iş mənim üzərimdə qaldı”.
Məşədi Samirin sözlərinə görə, ölüdən qorxmağa ehtiyac yoxdur:
“Günün 24 saatı buradayam. Ölüdən qorxmaq mənasızdır, çünki o artıq yatıb, artıq cəsəddir. Qorxmalı olduğumuz, bizə zərər verə bilən canlı insandır".
Samir bildirir ki, bu illər ərzində müxtəlif vəziyyətdə gətirilən cəsədlərlə qarşılaşıb:
“Bu yaxınlarda aşan KamAZ şoferini gətirdilər bura. Allah rəhmət eləsin, çox pis vəziyyətdə idi. Onu hər adam görə bilməzdi. Yaraları, tikişləri… Mən artıq öyrəncəliyəm. Hətta elə cəsədlər olur ki, bilə-bilə məhz mənim yanıma gətirirlər, çünki bilirlər ki, onu məndən başqa heç kim yumağa cəsarət etməz”.
Məşədi Samir həmçinin qeyd edir ki, cəsədlərin “dirilməsi” ilə bağlı heç vaxt hadisə baş verməyib:
“İndiki zamanda tibb çox inkişaf edib. Ölüm faktı həkimlər tərəfindən təsdiq olunur. Onlar təsdiq etdikdən sonra cəsəd bura gətirilir. Onun dirilməsi mümkün deyil. Amma əlbəttə, Allah istəsə, hər şey ola bilər. Lakin belə bir şeyə rast gəlməmişəm”.
Daha ətraflı “Astar Tv”nin videomaterialında:
Lalə,Bakupost