ABŞ-nin maliyyə naziri Skott Bessentin Hörmüz boğazının iki il ərzində əhəmiyyətini itirəcəyi ilə bağlı açıqlama verib.
Lakin onun bu açıqlaması Qətər tərəfindən təkzib edilib.
“Bakupost” xəbər verir ki, Qətərin energetika naziri və “QatarEnergy” şirkətinin baş direktoru Səd Əl-Kaabi Bessentin fikrini “tamamilə yanlış” hesab etdiyini bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı yalnız neft və qaz daşımaları üçün deyil, ümumilikdə beynəlxalq ticarət üçün mühüm marşrutdur. Qətərin ticarət və sənaye naziri Şeyx Faysal Əl-Tani də bu fikri dəstəkləyərək boğazın əhəmiyyətini heç vaxt itirməyəcəyini bildirib.
Neft-qaz məsələləri üzrə ekspert
Zəfər Vəliyev “Bakupost”a bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr on illər ərzində mövcud olan neft sisteminin dağılmağa başladığını söyləməyə əsas verir:
“İran və Səudiyyə Ərəbistanı başda olmaqla Hörmüz boğazı ətrafında yerləşən dövlətlər qlobal neft hasilatında öndə gedən dövlətlərdir. Fars körfəzi ölkələrinin ümumilikdə təsdiq olunmuş neft ehtiyatları 840 milyard barreldən artıqdır. Bu qədər neft ehtiyatı dünyanın digər enerji bazarlarında yoxdur. Yaxın Şərqdə baş verən hadisələr onu deməyə əsas verir ki, on illər ərzində mövcud olan neft sistemi dağılır”.
Ekspert qeyd edir ki, yeni neft sistemi qurulur, amma bu neft sistemi təhlükəsizlik, loqistika və qiymətlər baxımından əvvəlki neft sistemindən çox baha olacaq.
Müsahibimizin fikrincə, Hörmüz boğazı vasitəsilə əvvəlki neft həcmləri yaxın ay və illərdə neft bazarına daxil olmasa, dünyanın enerji bazarlarında balans pozulacaq:
“Əsasən də yüngül, ağır, orta neft balansı pozulacaq. Bu da özünü sonradan neft emalı zavodlarının funksional fəaliyyətində, yəni gündəlik xammalla yüklənməsində, neft məhsulları bazarında qiymətlərdə göstərəcək. Proses habelə neft-kimya sənayesinə də təsir edəcək”.
Bütün sadalananlara əsasən həmsöhbətimiz hesab edir ki, Hörmüz boğazı yaxın illərdə əvvəlki funksiyasını yerinə yetirə bilməyəcək:
“Çünki boğazdan keçidlə bağlı təhlükəsizlik və etibarlı təchizat zənciri bərpa edilməlidir. Bu isə çox çətin olacaq. Yaxın illərdə dünyanın enerji bazarlarında lazım olan neft markalarının təmini bir qədər çətinləşəcək”.
Rüfət Sultan
BakuPost