Ru
23:02 / 13 Sentyabr 2026

“Onlar insanların ayağından çəkir, biz əlindən tuturuq” – Adil Əliyev

“Onlar insanların ayağından çəkir, biz əlindən tuturuq”  – Adil Əliyev
Eye

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev sosial şəbəkədə tənqid və neqativ münasibətlərlə bağlı paylaşım edib.


BakuPost-un məlumatına görə, o bildirib ki, görülən xeyirxah işlər və müsbət təşəbbüslər bəzən müəyyən şəxslərin narazılığına səbəb olur.

“Xeyirxah bir iş görürsən, gözəl bir tədbir keçirirsən, iştirakçılardan biri də səmimi şəkildə bunu paylaşır. Çox keçmir ki, içində ilan zəhərini gəzdirən biri aidiyyəti oldu-olmadı, gəlib həmin paylaşımın altına öz zəhərini tökür”, – deyə Adil Əliyev yazıb.

İcra başçısının sözlərinə görə, belə münasibətlər onu yolundan çəkindirmir, əksinə, gördüyü işin doğru istiqamətdə olduğuna inamını artırır:

“Belə anlarda əsəbiləşmirəm. Əksinə, öz-özümə deyirəm: deməli, istiqaməti düz götürmüşəm. Deməli, yoluma davam etməliyəm”.

Adil Əliyev 30 ildən artıqdır Heydər Əliyev siyasətini dəstəklədiyini qeyd edərək bildirib ki, illər ərzində müxtəlif xarakterli insanları yaxından tanıyıb:

“Artıq bilirəm ki, görülən yaxşı iş hamını sevindirmir. Bəzilərini yaxşılıq yox, başqasının yaxşılıq etməsi narahat edir”.

O, məsələnin ayrı-ayrı şəxslərin yazdığı xoşagəlməz şərhlərdən daha ciddi olduğunu vurğulayıb və bunu təfəkkür problemi adlandırıb.

Adil Əliyevin fikrincə, başqasının uğuruna sevinməyi, yaxşı təşəbbüsləri qiymətləndirməyi bacarmayan insan daim digərlərinin işində qüsur axtarmağa enerji sərf edir.

“Biz başqasını aşağı çəkməklə yüksəlmirik. Başqasının işinə kölgə salmaqla özümüz işıqlanmırıq. Əksinə, bir-birimizin uğuruna sevinməyi, yaxşı təşəbbüsləri dəstəkləməyi öyrəndikcə həm insan olaraq, həm də cəmiyyət olaraq böyüyürük”, – deyə o qeyd edib.

İcra başçısı bundan sonra da tutduğu istiqamətdən geri çəkilməyəcəyini bildirib:

“Mən isə yolumu çoxdan seçmişəm. Nə deyilən sözə, nə də atılan daşa görə istiqamətimi dəyişəcəyəm. Çünki bir həqiqəti illər mənə çox yaxşı öyrədib: bar verməyən ağaca daş atan olmur”.

Adil Əliyev paylaşımını bu sözlərlə tamamlayıb:

“Qoy kimisi zəhərini töksün, biz yaxşılığımızı paylaşaq. Kimisi dağıtmağa çalışsın, biz qurmağa davam edək. Kimisi insanların ayağından çəksin, biz insanların əlindən tutaq. Çünki sonda kimin nə danışdığı yox, kimin nə yaratdığı qalır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar