İşçilərin sayının azaldılması və ya ştatların ixtisar olunması əksər müəssisələrdə rast gəlinən haldır. İşçinin iş yerini itirməsi ilə nəticələnən proses qanunvericiliklə tənzimlənir.
Bəs, qanunla bu halda işçilərin hansı təminatları var? İşçinin ixtisardan kənarda qalması mümkündür?
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə ştatların ixtisarı və işçilərin sayının azaldılması zamanı işçilərin bir sıra hüquqları var və bu hüquqlar mütləq qorunmalıdır deyib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə əsasən, işçinin əmək stajından asılı olaraq ona işdən azad ediləcəyi barədə əvvəlcədən, müəyyən edilmiş müddətdə rəsmi məlumat verilməlidir:
"Bu müddət işçinin həmin işəgötürənlə əmək münasibətlərində olduğu stajdan asılı olaraq dəyişir.Həmçinin işçiyə həftədə azı bir iş günü əməkhaqqı saxlanılmaqla başqa iş axtarması üçün şərait yaradılmalıdır. Bu müddət ərzində işçi yeni iş yeri tapmaq imkanına malik olmalıdır. Bununla yanaşı, işçinin əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilməli, əmək münasibətlərinə xitam verilərkən son haqq-hesab aparılmalı, ona ödənilməli olan əməkhaqqı və digər müvafiq ödənişlər tam şəkildə verilməlidir.
Əmək Məcəlləsinə əsasən, müəyyən kateqoriyadan olan şəxslərin ştatların azaldılması və işçilərin sayının ixtisarı ilə əlaqədar işdən çıxarılmasına məhdudiyyətlər qoyulur. Bu kateqoriyaya, qanunvericilikdə nəzərdə tutulan hallarda, hamilə qadınlar, üç yaşınadək uşağı olan qadınlar və uşağını təkbaşına böyüdən valideynlər daxildir. Belə şəxslərin əmək hüquqlarına xitam verilməsi məsələsində qanunvericiliyin tələbləri xüsusi diqqətlə nəzərə alınmalıdır.
İşəgötürən ixtisar zamanı qanunla müəyyən edilmiş prosedurlara əməl etməli, işçinin hüquqlarını pozmamalı və ona düşən ödənişləri vaxtında həyata keçirməlidir. İşçinin əvvəlcədən xəbərdar edilməməsi, qanunla nəzərdə tutulan təminatların verilməməsi və ya son haqq-hesabın düzgün aparılmaması hüquqi mübahisəyə səbəb ola bilər.
Əmək Məcəlləsinin tələbləri pozulduğu təqdirdə, işçi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə, qanunsuz işdən çıxarılmanın nəticələrinin aradan qaldırılmasını və qanunvericiliklə nəzərdə tutulan digər hüquqlarının bərpasını tələb edə bilər".