Azərbaycanın xalq şairi, yazıçı-publisist Sabir Rüstəmxanlı dövlət xadimi, diplomat və şair-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.
Bakupost.az xəbər verir ki, S.Rüstəmxanlı mərhum dostu ilə bağlı xatirələrini bölüşüb.
“Bir az öncə ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair, dramaturq, publisist, ictimai-siyasi xadim, əziz dostum Hidayətin (Hidayət Orucov) ölüm xəbərini aldım və sarsıldım. İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim. Universitetə eyni vaxtda qəbul olunmuş, bir il yataqxanada bir otaqda qalmışdıq. Sonra o, qiyabiyə dəyişilib İrəvana qayıtmış, qəzetdə işləmiş, uzun müddət İrəvan Azərbaycan teatrının direktoru olmuşdu. İrəvanda ondan ucaboylu adam yox idi. Orada daim Azərbaycanın bir parçası kimi, mərdliklə, çinar qüruruyla yaşadı, yazdı, kitablar nəşr etdirdi, əsərləri tamaşaya qoyuldu. Bakıya köçdükdən sonra da dövlət müstəqilliyimizin bərpası və möhkəmlənməsi yolunda yorulmadan çalışdı; yüksək vəzifələrdə işlədi, fədakar, təmiz, xeyirxah bir insan kimi, millət aşiqi olan bir ziyalı kimi sevildi; diplomat fəaliyyətində Azərbaycan Respublikasını ləyaqətlə təmsil etdi. Amma harada yaşasa da şeirləri daim darıxırdı - Mehri üçün, Zəngəzur və Qərbi Azərbaycan üçün… Onun əsərləri də, xatirəsi də daim yaşayacaqdır. Ruhu şad olsun…”, - deyə o qeyd edib.