BƏƏ-in ardınca İraq da OPEK-dən çıxmaq niyyətinə düşüb.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Bağdad OPEK-ə gündəlik neft hasilatı üzrə İraq üçün nəzərdə tutulan kvotanın artırılması təklifilə çıxış edib. OPEK bu təklifi qəbul etməzsə, İraq qurumdan çıxmaq imkanlarına baxacaq.
Qeyd edək ki, daha əvvəl, mayın 1-də BƏƏ OPEK-dən çıxdığını bəyan edib.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, OPEK əvvəlki güc və nüfuzunu kifayət qədər itirib:
“Bu isə ABŞ-nin siyasətinin nəticəsidir. Amerika 2003-cü ildən bəri OPEK-in fəaliyyətindən narazı olub. Hətta onlar arasında məhkəmə çəkişmələri də var”.
Ekspertin fikrincə, təşkilatdan çıxmalar onu göstərir ki, ABŞ OPEK-lə bağlı planını tədricən həyata keçirir:
“OPEK dünya neft bazarında qiymət diqtə edəcək qurum kimi tədricən nüfuz və gücdən düşür. OPEK-in artıq mənasız quruma çevrilməsi həm də ona görə baş verir ki, dünyada kvotalar məsələsinə görə qiymət diktə edirdi. Yəni istəyəndə hasilatı azaldıb, qiyməti qaldırır, qiymət çox qalxanda da hasilatı artırıb, qiyməti aşağı salırdılar. Görünən odur ki, artıq bu funksiyanı ABŞ öz üzərinə götürmək istəyir. Amerika özünün təyin etdiyi oyun qaydalarını pozanlara cəza tətbiq edə biləcək. OPEK-də isə belə bir cəza sistemi yoxdur”.
Müsahibimizin sözlərinə görə, Amerikanın özündəki və Venesueladakı neft ehtiyatlarını, İraqdakı neft yataqlarına nəzarəti nəzərə alsaq, Vaşinqtonun az qala dünya neftinin 35-40 faizinə nəzarət etmək istədiyini görərik:
“Belədə, ABŞ neft bazarında qiyməti diktə edən mərkəzə çevrilməyə çalışır. Amerika bu yöndə Rusiya ilə də razılaşsa, bu artıq OPEK-in tamamən sıradan çıxması deməkdir”.
Rüfət Sultan,
Bakpost