Ru
17:48 / 20 Oktyabr 2026

Orduda hərbi intizam cəzaları dəyişir: Yeni cərimələr gəlir

Orduda hərbi intizam cəzaları dəyişir: Yeni cərimələr gəlir
Eye

Azərbaycan zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq xidmət edən hərbi qulluqçular üçün hərbi intizamın pozulmasına görə cəzalar yenidən nəzərdən keçirir.

“Bakupost” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edən müvafiq qanun layihəsi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklər bu kateqoriyalı hərbi qulluqçular üçün bir gündən çox müddətə öz bölmələrindən və ya xidmət yerlərindən kənarda qalmalarına görə inzibati məsuliyyət nəzərdə tutur.

Məsələn, bölmədən icazəsiz çıxmaq və ya bir gündən on günə qədər müddətə üzrlü səbəb olmadan vaxtında gəlməməyə görə alternativ cəza tətbiq olunur: 200 manatdan 300 manata qədər cərimə və ya 15 günə qədər inzibati həbs. Mövcud versiyada isə alternativsiz 20 günə qədər həbs nəzərdə tutur.

Cərimə tətbiq edildikdən sonra bir il ərzində təkrar pozuntuya görə qanun layihəsi 300 manatdan 500 manata qədər cərimə və ya 10 gün müddətinə həbs müəyyən edir.

Tətbiq edilməsi gözlənilən bu cəzaların orduda nizam-intizamın möhkəmləndirilməsində nə kimi rolu olacaq?

Hərbi ekspert İbrahim Rüstəmli “Bakupost”a bildirib ki, son zamanlar bütün strukturlar cərimə yazmaqla məşğuldur:

“Bunlar insanlara diskomfort yaradır. Hərbi qulluqçular nə maaş alır ki, onu 200-500 manatadək cərimələyirlər. Əlbəttə ki, nizam-intizam olmalıdır və bu əsas şərtdir”.

Ancaq müsahibimiz hesab edir ki, bunun cərimələrin tətbiqi vasitəsilə edilməsi tərbiyə üsulu deyil:

“Nizam-intizamın qorunması da komandirin özündən asılıdır. Komandir işinə məsuliyyətli yanaşarsa, hərbi qulluqçuların xidmətdən yayınması da absurd olur. Yəni komandir nümunə olarsa, digərləri də eyni şəkildə hərəkət edər. 25 illik xidmət dövründə bizdə də problemlər olub. Amma icazəsiz bir saat, bir gün belə kənara çıxmamışıq”.

Ekspert qeyd edir ki, cərimələrlə tərbiyələndirmənin nəticəsi olmayacaq:

“Belə cəza növlərini yığışdırmaq lazımdır. Bu addım hərbi qulluqçular üçün psixoloji problemlər yaradacaq. Hərbi qulluqçulara qanun və hərbi nizamnamələrin tələb etdiyi çərçivədə icazələr, növbədənkənar məzuniyyətlər vermişik”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar