ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların yeni mərhələsində iştirak etmək üçün Norveçə səfər edib.
“Bakupost” xəbər verir ki, aeroport nümayəndələri onun təyyarəsinin Oslonun Qardermoen beynəlxalq hava limanına eniş etdiyini TASS-a təsdiqləyiblər.
Amerika nümayəndə heyəti ilə danışıqlar bu günə planlaşdırılıb.
Öncə Norveç Baş naziri Yonas Qar Störe Ukrayna Prezidenti Volodimir Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubbla danışıqlar aparacaq. Ardınca Uitkoff da Amerika tərəfi adından müzakirələrə qoşulacaq.
Bu görüşdə Ukrayna ilə bağlı nələr müzakirə oluna bilər və görüşdən nə gözlənilir?
Siyasi şərhçi Abutalıb Səmədov
“Bakupost”a bildirib ki, Oslodakı görüşdə Ukrayna Prezidentinə qarşı növbəti təzyiqlərin şahidi olacağıq:
“Tramp təmsilçilərinin əvvəlcə Osloda Zelenski, ardınca da Moskvada Putinlə görüşü nəzərdə tutulub. Norveç görüşündə Zelenskiyə Vaşiqnton tərəfindən yeni təzyiqlər ediləcək. Bundan əvvəl, Mayamidəki görüşdə kəşfiyyat məlumatlarının verilməməsi və Starlinklə bağlı problemlər yaradılacağı istiqamətində Kiyevə xəbərdarlıq edildi. Hansı ki, sonradan bu hədələr reallaşdı. Nəticədə Ukrayna kifayət qədər zədə aldı. Oslo görüşündə Zelenskinin güzəştə getməyə hazır olub-olmaması fonunda həmin təzyiqlərin nəticəsi götür-qoy ediləcək. Zelenskinin isə güzəştə getməyə hazır olmadığı hiss olunur. Belədə Oslo görüşü heç bir nəticə verməyəcək.
Tramp deyir ki, sülhü istəməyən Zelenskidir. Putin isə ona görə konstruktiv mövqedədir”.
Müsahibimiz güman edir ki, həlledici addım Pekində olması gözlənilən Çin, ABŞ və Rusiya liderlərinin məsləhətləşmələri zamanı baş verəcək:
“Norveç və ardınca olacaq Moskva görüşlərinin isə ciddi nəticə verəcəyini düşünmürəm. Ancaq Çində olacaq üçtərəfli görüş Rusiya-Ukrayna danışıqlarında ciddi dəyişikliyə gətirib çıxara bilər”.
Rüfət Sultan,
BakuPost