Özbəkistanın Namanqan vilayət məhkəməsi ölkə vətəndaşını Ukraynadakı hərbi əməliyyatlarda iştirakına görə məhkum edib.
Bakupost.az Podrobno.uz-a istinadən xəbər verir ki, 2021-ci ildə iş məqsədilə Rusiyaya gedən həmin şəxs orada psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə 9,5 il həbs cəzasına məhkum edilmişdi. Həbs müddətində 49 yaşlı Ş.M.-ya Rusiya Silahlı Qüvvələrində xidmət müqabilində amnistiya, pul mükafatı və Rusiya vətəndaşlığı təklif edilib.
2025-ci ilin yanvarında təklifi qəbul edən Ş.M. Ukraynaya göndərilib və qısa hərbi hazırlıqdan sonra Donetskdəki döyüşlərə qatılıb. Döyüş zamanı qəlpə yaraları alaraq xəstəxanaya yerləşdirilən şəxs mart ayında xəstəxananı icazəsiz tərk edib. O, Özbəkistan səfirliyinin köməkliyi ilə vətəninə qayıdıb.
Məhkəmə onun əməllərini Özbəkistan CM-nin 154-cü maddəsinə görə – “Muzdlu döyüşçü” kimi dəyərləndirib. Əməllərinə görə peşman olduğunu nəzərə alan hakim müttəhim barədə 3 il 6 ay həbs cəzası verib.
Cavid, BakuPost