24 dekabrda Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radionun fəaliyyətə başlamasından 10 il ötür.
Bakupost.az xəbər verir ki, 2015-ci ildə media sıralarına qoşulan ASAN Radio qısa müddətdə Azərbaycan radio məkanında fərqli və özünəməxsus formatı ilə seçilib. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk radio kimi fəaliyyətə başlayan ASAN Radio bu istiqamətdə yeni bir mərhələnin əsasını qoyub.
ASAN Radio fəaliyyət göstərdiyi müddətdə vətəndaşları maraqlandıran çətin və aktual suallara operativ və aydın cavablar verib, dövlət qurumları ilə ictimaiyyət arasında etibarlı informasiya körpüsü rolunu oynayıb.
Xüsusilə Qarabağ mövzusunda ASAN Radio hər zaman ön sıralarda yer alıb. Hələ Aprel döyüşlərindən başlayaraq, 44 günlük Vətən müharibəsi dövründə radio döyüş bölgəsindən operativ və etibarlı məlumatlar, qələbə xəbərləri yayımlayan aparıcı media qurumlarından biri olub.
Müharibə dövründə təkcə radio efiri vasitəsilə deyil, eyni zamanda sosial media platformaları üzərindən canlı bağlantılar qurulub, məlumatlar birbaşa və real vaxt rejimində ictimaiyyətə çatdırılıb.
ASAN Radio qısa müddətdə dinləyicilərin etimadını qazanan nüfuzlu media qurumuna çevrilib. Cəmiyyətdə “ASAN Radio xəbər verirsə, deməli məlumat dəqiqdir” kimi yanaşma formalaşıb. Bu da feyk xəbərlərin və təsdiqlənməmiş informasiyaların artdığı bir dövrdə peşəkar medianın əhəmiyyətini bir daha önə çıxarır.
Şuşada kütləvi şəkildə səsləndirilən və videoya çəkilərək sosial mediada yayımlanan ilk radio yayımı da məhz ASAN Radio tərəfindən həyata keçirilib. Bu hadisə radio tarixində əlamətdar məqamlardan biri kimi yadda qalıb.
Radionun direktoru Əməkdar jurnalist Emin Musəvidir.
Bakupost.az kollektivi ASAN Radionu 10 illik yubileyi münasibətilə təbrik edir, daha böyük uğurlar diləyir.