Ru
15:13 / 09 İyul 2026

Paket yenə bahalaşdı: Pul marketlərin cibinə deyil, ekoloji layihələrə axmalıdır

Paket yenə bahalaşdı: Pul marketlərin cibinə deyil, ekoloji layihələrə axmalıdır
Eye

Bir sıra supermarketlərdə sellofan (polietilen) paketlər yenidən bahalaşıb.

"Bakupost" xəbər verir ki, hazırda sellofan paketlər ölçüsünə uyğun olaraq 7 və 9 qəpiyə satılır.

Xatırladaq ki, 2023-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və aidiyyəti qurumların qərarına əsasən, sellofan paketlər marketlərdə alıcılara ayrıca məhsul növü kimi ödənişli təqdim olunur. Amma həmin vaxt paketlər 3 və 5 qəpiyə təqdim olunurdu.
İndi isə göründüyü kimi, qiymət iki dəfəyə qədər artır. Bu isə o deməkdir ki, marketlər sellofan paketlərə də artıq əlavə qazanc mənbəyi kimi baxmağa başlayıblar.

Həmin paketlərin pullu olmasında məqsəd insanların ondan istifadəsini azaltmaq idi. Lakin ötən dövrün mənzərəsi göstərir ki, alıcılar sellofan paketlərdən istifadəni heç də azaltmayıblar. Əksinə, bir sıra hallarda aldığı məhsulu bir deyil, bir neçə paketə bükməyə üstünlük verirlər.

Bütün bunları nəzərə alsaq, belə bir sual yaranır: Plastik paketlərlə bağlı qərar özünü doğrultdmu?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakupost.az-a bildirib ki, sellofan paketlərlə bağlı qərar əsas məqsədinə tam çata bilməyib:

“Sellofan (polietilen) paketlərin ödənişli edilməsi ilə bağlı qərarın əsas məqsədi onların istifadəsini azaltmaq, insanları təkrar istifadə olunan çantalara yönləndirmək və plastik tullantıların ətraf mühitə təsirini azaltmaq idi. Bu yanaşma dünyanın bir çox ölkəsində tətbiq olunur və müəyyən dərəcədə müsbət nəticələr verib.

Azərbaycanda isə müşahidələr göstərir ki, paketlər ödənişli olsa da, insanların əksəriyyəti hələ də onları almağa davam edir. Qiymətin 3 və 5 qəpikdən 7 və 9 qəpiyə qalxmasına baxmayaraq, bu artım əksər alıcıların davranışını ciddi şəkildə dəyişməyib. Bu isə qərarın əsas məqsədinə tam nail olunmadığını göstərir. Qərar qismən özünü doğruldub”.

Ekspertin sözlərinə görə, verilən qərar plastik paketlərin ekoloji təsiri barədə maarifləndirməni artırıb və alternativlərdən istifadəyə müəyyən stimul yaradıb:

“Ancaq insanların böyük hissəsi hələ də sellofan paketlərdən istifadə etdiyi üçün əsas hədəf olan istehlakın əhəmiyyətli dərəcədə azalmasına tam nail olunduğunu söyləmək mümkün deyil”.

Müsahibimiz deyir ki, bu qiymət artımının ekoloji məqsədə xidmət etməsi üçün əldə olunan vəsaitin şəffaf şəkildə ekoloji layihələrə yönəldilməsi, eyni zamanda təkrar istifadə olunan alternativlərin daha əlçatan olması vacib amillərdən biridir.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar