Pakistan Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı hərbi kampaniyasına qoşulub.
“Bakupost” xəbər verir ki, bu barədə məlumatı mənbəyə istinadən "The New York Times" qəzeti yayıb.
Pakistanın yüksək vəzifəli hərbi rəsmisi bildirib ki, qırıcı təyyarələrlə husilərin mövqelərinə hava zərbələri endirirlər.
Konfliktoloq
Azər Hüseynov “Bakupost”a bildirib ki, Pakistanın Səudiyyə Ərəbistan tərəfində müharibəyə qoşulması regiondakı vəziyyətin artıq dəyişdiyini göstərir.
Onun fikrincə, indilikdə Pakistan, iddia edildiyi kimi, hava hücumlarında iştirak edirsə, bunun növbəti mərhələsi də baş verə bilər:
“Yəni məsələnin tədricən daha geniş hərbi qarşıdurmaya çevrilməsi ehtimalını nəzərdən qaçırmaq olmaz”.
Müsahibimizin sözlərinə görə, burada əsas məqamlardan biri Səudiyyə Ərəbistanının döyüş qabiliyyətli orduya malik olmamasının bir daha ortaya çıxmasıdır:
“Pakistan isə həm müttəfiq kimi, həm də digər amillərin, o cümlədən Səudiyyə Ərəbistanının Pakistan iqtisadiyyatına yatırdığı maliyyə vəsaitlərinin təsiri ilə bu prosesə daha fəal şəkildə cəlb oluna bilər”.
Türkiyəyə gəldikdə isə, həmsöhbətimiz hesab edir ki, Ankaranın davranışı bir qədər fərqli və daha ehtiyatlı olacaq:
“Çünki Türkiyənin siyasi elitasında və ümumilikdə ölkənin ictimai-siyasi mühitində bu məsələyə ehtiyatla yanaşmağın vacibliyini düşünən kifayət qədər ciddi çevrələr var. Türkiyənin birbaşa hərbi qarşıdurmaya daxil olması onun üçün də ciddi siyasi və strateji nəticələr yarada bilər”.
Ekspert yaranmış durumda İranın husilərin tərəfində birbaşa prosesə cəlb olunacağını istisna edir:
“Tehran hələlik daha çox özünün proksi qüvvələrini kənardan dəstəkləməklə hərəkət edə bilər. İranın bu prosesdə iştirakının əsas forması həmin qüvvələrə silah, logistika, maliyyə və digər yardımlar göstərmək olacaq. Yəni İranın Pakistanla birbaşa üz-üzə gəlməsi və ya Türkiyənin prosesə qoşulacağı təqdirdə, quru qoşunları ilə qarşıdurmaya girməsi o qədər də real görünmür. Quru qoşunların birbaşa üz-üzə gəlməsi ehtimalını nisbətən aşağı qiymətləndirirəm. Daha çox hava zərbələri, proksi qüvvələr və dolayı hərbi dəstək üzərindən gedən qarşıdurmanın genişlənməsi ehtimalı var”.
Rüfət Sultan,
BakuPost