Rusiyada Pakistanın Hərbi Kəşfiyyat Xidməti (ISI) ilə əlaqəli casus şəbəkəsinin ifşa olunduğu iddia edilir.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Hindistanın “Economic Times” qəzeti məlumat yayıb.
Qəzetin informasiyasına əsasən, əsas məqsəd Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin və Mi-8 tipli hərbi helikopterlərin texnologiyalarını əldə etmək olub.
Bu hadisənin Pakistan kəşfiyyatının Rusiyada həyata keçirməyə cəhd etdiyi ilk irimiqyaslı əməliyyat sayıldığı bildirilir.
Mənbələr qeyd edir ki, ISI-ni əsasən Rusiya silah sistemlərinin texniki sənədləri maraqlandırıb - bu məlumatlar oxşar texnologiyaların hazırlanması və ya həmin silahların zəif tərəflərinin müəyyən edilməsi üçün istifadə oluna bilərdi.
Rusiya əks-kəşfiyyat orqanları tərəfindən aparılan əməliyyat nəticəsində Sankt-Peterburqda rus vətəndaşı saxlanılıb. O, xaricə Mi-8 çoxməqsədli hərbi-nəqliyyat helikopterlərinə dair texniki sənədləri çıxarmağa çalışarkən yaxalanıb.
Sənədlər helikopterlərin zirehli müdafiəsi və elektron avadanlıqlarının təkmilləşdirilmiş versiyalarına aid olub.
Bundan əvvəl, 10 noyabrda Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ayrıca bəyanat yayaraq, “ikiqat təyinatlı mühərriklərin” xaricə qanunsuz ixracını dayandırdıqlarını açıqlayıb. Yaroslavl vilayətində fəaliyyət göstərən iki müəssisə rəhbərinin xaricə hərbi təyinatlı məhsul göndərmək üçün gizli kanal yaratdığı bildirilib. FTX hansı ölkənin sifarişçi olduğunu açıqlamasa da, ekspertlər bu faktın Pakistan istiqamətinə yönəlmiş eyni əməliyyatla əlaqəli ola biləcəyini istisna etmirlər.