Pakistanda çərşənbə axşamı radarlardan itən "Boeing" yük təyyarəsinin qalıqları tapılıb.
"Bakupost" xəbər verir ki, xilasetmə xidmətləri göyərtədə olan beş ekipaj üzvünün axtarışını davam etdirir.
K2 Airways təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindən Karaçi şəhərinə yük daşıyıb. Pakistan Mülki Aviasiya və Hava Limanları İdarəsinin məlumatına görə, radarlardan yoxa çıxmazdan əvvəl heyət naviqasiya sistemində problemlər olduğunu bildirib və bundan sonra təyyarə sürətlə hündürlük itirməyə başlayıb.
12 saatlıq axtarış əməliyyatından sonra Pakistan Hərbi Dəniz Qüvvələri və Dəniz Xilasetmə Xidməti "K2 Airways" şirkətinə məxsus "Boeing 737" yük təyyarəsinin qalıqlarını aşkar edib. Təyyarənin hissələri Pakistan sahillərində, Ormara şəhəri yaxınlığında, Ərəbistan dənizində tapılıb.
Pakistanın Mülki Aviasiya və Hava Limanları İdarəsi bildirib ki, itkin düşmüş ekipaj üzvlərinin tapılması üçün səylər davam edir".
Təyyarə 1999-cu ildə istehsal olunub. Əvvəllər "Aeroflot" və "Garuda Indonesia" aviaşirkətləri tərəfindən sərnişin təyyarəsi kimi istifadə olunub, 2012-ci ildən isə yükdaşımada istifadə olunub.
"K2 Airways" Pakistanın daxili və beynəlxalq planlaşdırılmış və çarter reysləri həyata keçirən özəl yük aviaşirkətidir.