İran Ermənistana TRIPP (Tramp Marşrutu) layihəsinin təhlükəsizliyini təmin etmək üçün yeni şərtlər qoyub.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, Tehran TRIPP layihəsinin təhlükəsizliyinin yalnız Ermənistan Silahlı Qüvvələri və ya bu ölkə ərazisində artıq mövcud olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib.
Ermənistan hakimiyyəti isə öz növbəsində TRIPP layihəsinin həyata keçirilməsinin İran üçün heç bir çətinlik və ya təhdid yaratmayacağını bəyan edib.
Politoloq
Tofiq Abbasov “Bakupost”a bildirib ki, Ermənistan üzərində yenidən qara buludlar görünür:
“Ölkə daxilində ictimai-siyasi vəziyyət bir o qədər də qənaətbəxş deyil. Qeyri-sabit trendlər təşəkkül tapmağa başlayıb. Bunlar öz təsirini xarici siyasətdə də göstərir. Xarici təzyiqlər fonunda İrəvan həm də çaşqın durumdadır. Paşinyan bir neçə cəbhədə mübarizə aparır. Ermənistanda anti-böhran proqramına ehtiyac yaranıb”.
Politoloqun fikrincə, TRİPP-lə bağlı İrəvan üçün ən yaxşı çıxış yolu əvvəlki gündən Azərbaycanla ikitərəfli formatda danışıqların aparılması olardı:
“Yəni üçüncü tərəfin müdaxiləsi olmadan da problem öz həllini tapardı. Amma Ermənistan həmişə çalışır ki, üçüncü qüvvələri dəvət etsin. Delimitasiya məsələsində belə əvvəllər Rusiyanın da prosesdə iştirakını istəyib. Amma sonradan ortaya başqa bəhanələr çıxdı. İndi də guya Vaşinqtonla İrəvan arasında strateji tərəfdaşlıq var. Paşinyanın qəribə vərdişi var: hamı ilə təmasa gedir, hamıya söz verir, amma impremetasiyaya gələndə tərpəniş yoxdur. O, sadəcə vaxt udmaqla məşğuldur”.
Müsahibimiz hesab edir ki, İrəvan ABŞ ilə İran arasındakı münasibətlərdə çəkişmənin nə ilə bitəcəyini gözləyir:
“Paşinyan bu istiqamətdə gedən proseslərin hansı nəticə verəcəyini gözləyir. İran isə geri addım atmaq niyyətində deyil. Ona görə də Paşinyan İranı özünə qarşı qaldırmamaq üçün ehtiyatla tərpənir”.
Rüfət Sultan,
BakuPost