Ermənistanda keçiriləcək parlament seçkilərinə iki həftədən bir qədər artıq vaxt qalıb. Onun nəticəsidir ki, bu ölkədə nüfuz dairəsi uğrunda qlobal güclərin mübarizəsi də güclənir.
Proqnozlara görə, mübarizə əsasən hazırkı iqtidar Paşinyan komandası ilə revanşistlərin toplaşdığı rusiyapərəst qüvvələr arasında gedəcək.
Bu fonda maraqlıdır, revanşistlər qələbə qazanarsa, mövcud durumun Ermənistana və bölgəyə nə kimi təsirləri olacaq?
Siyasi şərhçi Elçin Xalidbəyli
Bakupost.az-a bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri bu ölkə üçün strateji əhəmiyyət daşıyır:
“Bu seçim həm Ermənistanın gələcəl taleyinə, həm də Cənubi Qafqazda geopolitik proseslərə birbaşa təsir göstərəcək. Paşinyan qalib gələrsə, bu halda İrəvan Rusiyadan uzaqlaşma, Qərbə yaxınlaşma siyasətini gücləndirməyə çalışacaq. Paşinyan həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini yekunlaşdırmağa cəhd göstərəcək. Bakı ilə İrəvan arasında sülh sazişi imzalanacaq, Tramp marşurutu da böyük ehtimalla reallaşacaq”.
Amma Ermənistanda hakimiyyət dəyişərsə, bir çox məsələlərin inkişaf istiqamətləri də dəyişəcək:
“Xüsusən də Rusiyaya bağlı radikal-revanşistlər hakimiyyətə gələrsə, İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması prosesi pozula bilər. Bu proses tam dayandırılmasa da, uzun onilliklər üçün ləngidiləcək. Tramp marşurutunun reallaşması da dalana dirənəcək”.
Ekspertin sözlərinə görə, revanşistlərin qələbəsi fonunda Rusiyanın Cənubi Qafqazda itirməkdə olduğu mövqeyinin bərpası üçün də münbit şərait yaranacaq:
“Ən əsası Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanması da çətin bir məsələyə çevriləcək. İrəvan Qərbə yaxınlaşmaqdan imtina edib, yenidən Rusiyanın “qaranlıq tunelinə” qayıdacaq”.
E. Xalidbəyli hesab edir ki, revanşistlərin qayıdışı ilə Ermənistann inkişaf perspektivlərinin qarşısı da alınacaq:
“Ermənistan həmçinin özünün müstəqillik şanslarını da əldən verəcək və əvvəlkitək Kremldən idarə olunacaq bir alət vəziyyətinə düşəcək. Belə vəziyyətdə Kremldən alacağı təlimatlar əsasında Ermənistanın Cənubi Qafqazda yenidən hərbi təxribatlar törətməsi ehtimalı tamamilə inandırıcı görünür”.
Rüfət Sultan, BakuPost