Ru
21:30 / 06 İyun 2026

Paşinyan vəd verdi, Rusiya ilə bağlı sürpriz yaşana bilər

Paşinyan vəd verdi, Rusiya ilə bağlı sürpriz yaşana bilər
Eye

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “İzvestiya” qəzetinə verdiyi müsahibədə Ermənistanla bağlı açıqlaması birmənalı qarşılanmayıb. Qaluzin Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulacağı təqdirdə itkilərlə üzləşəcəyini söyləyib.

O qeyd edib ki, İrəvanın mallar, xidmətlər, kapital və işçi qüvvəsi üçün geniş bazara çıxışı var, lakin Aİ-yə qoşularsa, bunların hamısını itirəcək.

Bakupost.az Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı Rusiya Ermənistanın Avarasiya İqtisadi İttifaqından (Aİİ) çıxa biləcəyi iddiası ilə İrəvana qarşı genişmiqyaslı kampaniya aparır deyib:

“Rusiya son günlər Ermənistanın Avropa İttifaqına inteqrasiya ilə bağlı ciddi narahatlıq hissi keçirdiyini verdiyi mesajlarda gizlətmir. Moskva artıq rəsmi İrəvana açıq şəkildə xəbərdarlıqlar etməyə başlayıb. Xüsusilə seçkilərdə yenidən baş nazir postunu qorumağa çalışan Nikol Paşinyanın Avropa yönümlü çıxışları və seçki kampaniyası dövründə səsləndirdiyi bəyanatlar Kremldə narahatlıq yaradıb.

Paşinyan yaxşı anlayır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində anti-Rusiya əhvali-ruhiyyəsi çox güclüdür. Ermənistanın məğlubiyyətinin əsas səbəblərindən biri kimi Rusiyanın lazımi dəstəyi vermədiyini düşünən seçicilər də az deyil. Məhz buna görə də Paşinyan daxili auditoriyanın rəğbətini qazanmaq üçün Avropa İttifaqı kartından fəal şəkildə istifadə edir.

Seçkilərə cəmi bir neçə gün qalmış Rusiya rəsmilərinin sərt bəyanatlarla çıxış etməsi təsadüfi görünmür. Bu, ilk növbədə erməni seçicisinə ünvanlanmış siyasi mesajdır. Moskva Ermənistanın təhlükəsizlik sistemində hələ də əsas oyunçu olduğunu xatırlatmağa çalışır. Ermənistan ərazisində yerləşən Rusiyanın 102-ci hərbi bazası da bu baxımdan mühüm amildir. Rusiya bunu açıq şəkildə dilə gətirməsə də, həmin hərbi bazanın mövcudluğu İrəvana və seçicilərə Kremlin imkanlarını mühüm rıçaq kimi xatırladır”.

Siyasi şərhçi bildirib ki, Paşinyanın əsas rəqibləri hesab olunan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan və keçmiş prezident Robert Köçəryan Moskvaya yaxın münasibətləri ilə tanınırlar.

“Onların elektoratının birlikdə 25-30 faiz civarında proqnozlaşdırılması seçki sonrası siyasi mənzərədə mühüm rol oynaya bilər. Bu qüvvələr həm koalisiya danışıqlarında, həm də hakimiyyət uğrunda mübarizədə Kremlin maraqlarını nəzərə alan xəttin formalaşmasına təsir göstərə bilərlər.

Bununla yanaşı, son günlər Vladimir Putinin Nikol Paşinyanla telefon danışığı, həmçinin seçkilərdən sonra qalib gələrsə, Paşinyanın ilk səfərini Rusiyaya edəcəyi barədə rəsmi məlumatın yayılması, eləcə də İrəvanın Moskva ilə münasibətlərdə müəyyən yumşalma siqnalları verməsi müxtəlif ehtimalları gündəmə gətirib. Bu səbəbdən də Paşinyan və Kreml arasında münasibətlər kənardan göründüyü qədər gərgin olmaya bilər. Hətta müəyyən məsələlər üzrə gizli anlaşmaların mövcudluğu mümkünsüz deyil.

Əgər Paşinyan seçkilərdə qalib gələrsə, Moskvanın yeni reallığı qəbul edərək onunla əməkdaşlığı davam etdirməsi istisna deyil. Bu halda, Ermənistanın qısa müddətdə Rusiyanın təsir dairəsindən tam çıxacağı barədə proqnozlar da özünü doğrultmaya bilər.

Hər halda, bütün suallara cavabı 7 iyun seçkilərinin nəticələri verəcək. Paşinyan hakimiyyəti təkbaşına formalaşdıra biləcəkmi, koalisiya hökuməti qurulacaqmı, yoxsa seçkilərdə ikinci tur yaşanmaqla siyasi proseslər yeni mərhələyə keçəcəkmi kimi sualların cavabı Ermənistanın gələcək xarici siyasət kursunu, eləcə də Rusiya-Ermənistan münasibətlərinin istiqamətini müəyyənləşdirəcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar