Ru
15:12 / 02 İyul 2026

Paşinyandan Rusiyanın planlarını pozan “6 ay” həmləsi

Paşinyandan Rusiyanın planlarını pozan “6 ay” həmləsi
Eye

Baş nazir Nikol Paşinyan hökumətinin hazırladığı dəyişikliklərə əsasən, vətəndaşlar yalnız seçki günündən əvvəlki altı ay ərzində respublika ərazisində yaşadıqları halda seçkilərdə və referendumlarda iştirak edə biləcəklər.

Seçkilərlə bağlı bu dəyişiklik layihəsi Rusiya tərəfini əməlli-başlı qıcıqlandırıb.

Özünü erməni vətəndaşların müdafiəçisi qismində göstərməyə çalışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Seçki Məcəlləsinə planlaşdırılan sözügedən dəyişikliyi şərh edərkən onu ölkə vətəndaşlarının seçkilərdə iştirak hüququnu məhdudlaşdıracaq layihə kimi dəyərləndirib.

Zaxarova təklif edilən dəyişikliyi kəskin tənqid edərək, bildirib ki, yeni qaydalar xaricdə yaşayan erməni diasporunun ölkənin ictimai-siyasi həyatından faktiki olaraq təcrid edilməsinə gətirib çıxara bilər.

Görəsən, İrəvanın sözügedən dəyişikliyə getməkdə məqsədi nədir?

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Bakupost.az-a bildirib ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Rusiyada yaşayan ermənilərin kütləvi şəkildə Ermənistana gələrək, seçkilərdə iştirak etməsinə rəvac verən addımların atıldığını müşahidə etdik:

“Həmin dövrdə belə məlumatlar da yayılırdı ki, Rusiyadan təxminən 100 min erməni Ermənistana getmək üçün səfərbər edilib”.

AMİP sədrinin fikrincə, bu fonda İrəvan tərəfindən qabaqlayıcı tədbirlərin görüləcəyi gözlənilən idi:

“Belə ki, seçki məcəlləsinə təklif olunan dəyişiklikdə seçkilərdə, referendumda iştirak etmək üçün bu ölkənin vətəndaşı olmaqla yanaşı, seçki günündən ən azı əvvəlki 6 ayı Ermənistanda yaşamaq tələbi də qoyulur”.

Müsahibimiz hesab edir ki, bu tədbir daha çox Rusiyada yaşayan və proseslərdə hansısa qüvvənin marağını müdafiə edəcək vətəndaşlara müəyyən məhdudiyyət qoyulması məqsədilə atılan addımdır:

“Paşinyan fərqindədir ki, Rusiyadakı erməni diasporu sözügedən vətəndaşlardan məhz ona qarşı istifadə etməyi hədəfləyib. Ona görə də həmin prosesin qarşısını almaq, qabaqlayıcı tədbir görmək məqsədilə Ermənistan seçki məcəlləsinə müvafiq müddəanı salmaq istəyir. Hesab edirəm ki, bu müddəa qəbul ediləcək”.
Deputat həmin dəyişikliklə bağlı fikirlərini də bölüşərək, onu normal müddəa olduğunu dedi:

“Ölkənin ictimai-siyasi həyatında bu və ya digər formada iştirak etməyən, ölkə, dövlət və yerli qurumlarla hansısa bir əlaqədə olmayan uzun müddət xaricdə yaşayan şəxslər seçkilərdə doğru-düzgün seçim edə bilməzlər. Böyük ehtimalla belə seçicilər seçkilərdə iştirak etməklə yaşadıqları ölkənin və yaxud digər üçüncü tərəfin mövqeyini ifadə edəcək”.
Ekspertin sözlərinə görə, Zaxarovanın bu məsələyə münasibət bildirməsi gözlənilən olmaqla yanaşı, eyni zamanda, paradoksaldır:

“Başqa bir ölkənin XİN sözçüsünün digər ölkədə qanunvericilikdə edilən dəyişikliyə bu formada reaksiya verməsi heç bir halda məqbul və qəbul edilən deyil. Bu əslində həmin ölkənin daxili işlərinə qarışmaqdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar