Ermənistan baş naziri Nikol Paşinyan bəzi iclas və tədbirlər zamanı etdiyi müəyyən jestlərilə cəmiyyətin gülünc obyektinə çevrilir. Son olaraq ölkə parlamentində hökumətin sual-cavab sessiyası zamanı da Paşinyanın etdiyi jestlər gülüşə səbəb olub.
"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilir ki, Paşinyanın müxalif deputatın suallarını cavablandırarkən etdiyi jestlər və verdiyi cavablar normal deyil.
Maraqlıdır ki, Paşinyan bu cür hallarla tez-tez qarşılaşır.
Politoloq Zərdüşt Əlizadə
“Bakupost”a bildirib ki, siyasətdə heç nə, hətta edilən jestlər belə səbəbsiz olmur:
“Edilən hər bir hərəkətin, mövqeyin bir məntiqi var. Məntiq də odur ki, Paşinyan hakimiyyətini qorumağa, möhkəmləndirməyə çalışır. Çıxışları zamanı hansısa gülüş doğuran sözlər deyir, hərəkətlər edirsə, bu da onun hakimiyyətinin möhkəmlənməsinə xidmət edir. Bununla rəqiblərin mövqeyini məzəyə qoyur, zəiflədir, mahiyyətini dəyişdirir”.
Ekspertin sözlərinə görə, bütün bunlar siyasi oyunun tərkib hissəsidir:
“Paşinyan artıq 8 ildir hakimiyyətdədir. Bütün digər Ermənistan rəhbərləri 8 ildən artıq hakimiyyətdə olmayıb. Bu Levon Ter-Petrosyan, Levon Koçaryan və Serj Sarkisyana da aiddir. Paşinyan isə daha 5 il də hakimiyyətdə olacaq. Deməli, Ermənistanda uzun müddət hakimiyyətdə olmaq baxımından rekord vuracaq. Bu da onu göstərir ki, o hakimiyyətini qorumaq sahəsində peşəkardır. Saqqal, saxlaması və sonradan onu qırxması, şlyapa geyinməsi, velosiped sürməsi, bəzən özünü çılğın aparması, zarafat etməsi, bir sıra hallarda isə gülünc görünməyə çalışması-bütün bunların hamısının bir məqsədi var, hakimiyyəti möhkəmləndirmək. Yəni belədə beyinlərə təsir edərək, yürütdükləri siyasəti inandırıcı göstərmək və mövqelərini məhkəmləndirməyi düşünürlər. Paşinyan hələlik hakimiyyətini qorumaq sahəsindəki rolunu uğurla icra edir”.
Rüfət Sultan,
BakuPost