Ermənistanın baş naziri Nikol Paşinyanın Yekaterinburqda keçirilən beynəlxalq sənaye sərgisində iştirakı ilə müşayiət olunan Rusiya səfəri ölkə üçün gözlənilən iqtisadi nəticələri verməyib.
Son zamanlar Ermənistan-Rusiya siyasi-iqtisadi münasibətlərində yaşanan problemlər fonunda baş nazir Nikol Paşinyanın Rusiyaya səfərindən erməni biznesinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən razılaşmaların əldə olunacağı gözlənilirdi. Lakin məlumatlara görə, Paşinyan Yekaterinburqdan narazı qayıdıb, əsas problemlərlə bağlı heç bir praktik razılıq əldə edilməyib.
Siyasi şərhçi Xəqani Cəfərli
Bakupost.az-a bildirib ki, Ermənistanın baş nazirinin Moskva ilə münasibətlərdə irəliləyiş əldə edə bilməməsi rəsmi İrəvanı seçim qarşısında qoyub:
“Çünki, Ermənistanın iqtisadiyyatı əsasən Rusiyaya bağlıdır. İndi idə Ermənistan Rusiya sanksiyaları və məhdudiyyətləri ilə üzləşib. Bu əsasda Ermənistan gec-tez seçim etməli olacaq. Rusiya hazırda Ermənistanın iqtisadi inkişafı üçün nəsə edə biləcək bir vəziyyətdə deyil”.
Belə bir vəziyyətdə ekspertə görə, Rusiyanın iqtisadi münasibətləri qorumaq cəhdi faydasız, hətta zərərlidir:
“Üstəlik, bütün iqtisadçılar Rusiyada iqtisadi vəiyyətin daha pisləşəcəyini proqnozlaşdırır. Ermənistanın Rusiyadan qopa bilməməsi onu seçim etrməkdən məhrum edir. Azərbaycandan, Gürcüstandan fərqli olaraq geosiyasi seçim Ermənistan üçün həyati əhəmiyyətli məsələdir”.
Müsahibimizin fikrincə, güman ki, Ermənistan bir neçə aylıq, bəlgə bir-iki illik vaxt qazanmağa çalışır:
“Paşinyan hökumətinin Rusiyaya yönəlik siyasəti bu təəssüratı yaradır”.
Rüfət Sultan,
BakuPost