ABŞ prezidenti Donald Tramp hələ ki, Ukraynaya “Patriot” raketlərinin istehsalına icazə verib-verməyəcəyinə qərar verməyib.
Bakupost.az xəbər verir ki, o bunu “Financial Times” qəzetinə verdiyi şərhdə bildirib.
Jurnalistlərlə telefon danışığında Tramp ABŞ-ın Ukraynaya raketlərin istehsalı üçün lisenziya verəcəyinə "əmin olmadığını" və Vaşinqtonun hələ də bu məsələni "nəzərdən keçirdiyini" bildirib:
"Bunlar tamamilə müstəsna silahlardır və kimə lisenziya verdiyimizə bir az diqqətli olmalıyıq. Əslində silah istehsalına lisenziya vermirik".
Qeyd edək ki, “Patriot” raketləri Ukraynanın hava hücumundan müdafiə sistemi üçün vacib sursatdır.
Onu da xatırladaq ki, NATO-nun Ankarada keçirilən son sammitində Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya verəcəyini açıqlayıb.
İndi isə Tramp belə görünür, əvvəlki mövqeyindən geri çəkilir.
Politoloq Natiq Miri
Bakupost.az-a bildirib ki, Tramp tərəfindən “Patriot” raketlərilə bağlı bu cür davranış vəziyyəti özündən asılı saxlamaq, bütün prosesi öz nəzarətində tutmaq məqsədi daşıyır:
“Doğrudur, həmin raketlərin istehsalına lisenziya verilməsi ciddi təhlükəsizlik məsələsidir. Ona görə də məsələ sadəcə, “oldu-bitdi” ilə ortalığa çıxacaq məsələ deyil. Trampın Uitkoffla Kuşneri Kiyevə göndərməkdə əsas məsələdən biri də bu anlaşmanın təhlükəsizlik nöqteyi-nəzərdən hərtərəfli araşdırılması, razılaşdırılmasıdır”.
Ekspertin sözlərinə görə, “Patriot”la bağlı Trampın son açıqlaması onu Ukraynaya verməkdən imtina etməsi anlamına gəlməməlidir:
“Bu birmənalı olaraq imtina demək deyil. Tramp biznesmendir və heç nəyi rahatlıqla və ucuz satan birisi deyil. Ona görə də o, Ukrayna Rusiya müharibəsinin sülh prosesində hər şeyi öz nəzarətində saxlamaq üçün tərəflərə daim təsir imkanlarını öz əlində tutmağa çalışır. Proseslər Tramp səviyyəsində “Verdik-getdi, həll olundu” kimi rahatlıqla həll olunmur”.
Politoloq hesab edir ki, məsələnin Rusiya tərəfi də var:
“Çünki həmin raketlərin Ukraynada istehsalına lisenziyanın verilməsi Moskva üçün ən böyük təzyiq mexanizmidir. ABŞ bu cür siyasətlə hər şeyi tarazlaşdırmaq istəyir. Yəni bir növ Rusiyanı sülh prosesinə çəkməklə bu cür təzyiqlər edirsə, digər tərəfdə də Kremli “Patriot”un lisenziyasını verə biləcəyilə bağlı təhdid edir”.
Müsahibimizin fikrincə, Trampın belə açıqlama verməsinə səbəb olacaq digər məqam Zelenskidən sonra onun İsrail baş naziri Netanyahu ilə görüşməsinin nəticəsi də ola bilər:
“Zelenski ABŞ-də Netanyahu ilə görüşmək istəyib. Ancaq ikinci bundan imtina edib. Ola bilsin Ukraynaya həmin raket istehsalına lizenziya verilməsindən Netanyahu ciddi narahat olub. Çünki bu istehsal sirrinin yayılması kimi təhlükə amili var. Yəqin Netanyahu Trampı bu barədə xəbərdar edib”.
Rüfət Sultan,
BakuPost