2026-2030-cu illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və daha səmərəli istifadəsinin təmin olunması məqsədilə torpaq konsolidasiyası nəzərdə tutulub.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, Azərbaycanda ilk dəfə olaraq 20 min hektar ərazidə torpaq konsolidasiyası həyata keçiriləcək.
Nazir müavini qeyd edib ki, layihə çərçivəsində ayrı-ayrı və parçalanmış torpaq sahələrinin daha səmərəli idarə olunması üçün onların birləşdirilməsi və vahid təsərrüfat sahələrinin formalaşdırılması planlaşdırılır və ilkin mərhələdə bu tədbirlər çərçivəsində 20 min hektarlıq pay torpaqları birləşdiriləcək.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli
Bakupost.az-a bildirib ki, pay torpaqlarını birləşdirməkdə əsas məqsəd mülkiyyət hüququnu dəyişmək deyil, torpaqdan istifadəni daha effektiv təşkil etməkdir:
“Pay torpaqlarının birləşdirilməsi müxtəlif şəxslərə məxsus, lakin bir-birindən ayrı və kiçik hissələrə bölünmüş torpaq sahələrinin daha səmərəli istifadə məqsədilə vahid təsərrüfat formasında bir araya gətiriləcəyi anlamına gəlir. Hazırda bir çox fermerlərin torpaqları müxtəlif ərazilərdə kiçik hissələr şəklində yerləşir. Bu isə texnikadan istifadənin, suvarmanın, əkin və məhsul yığımının xərcini artırır. Konsolidasiya nəticəsində daha iri və bütöv əkin sahələri formalaşacaq ki, bu da kənd təsərrüfatı işlərinin daha səmərəli aparılmasına imkan verəcək”.
Ekspertin sözlərinə görə, bu proses fermerlərin istehsal xərclərini azaltmağa, məhsuldarlığı artırmağa və müasir texnologiyaların tətbiqini asanlaşdırmağa xidmət edir:
“Eyni zamanda, suvarma və meliorasiya sistemlərinin qurulması da daha rahat olacaq. Nəticədə torpaq ehtiyatlarından daha səmərəli istifadə olunacağı, kənd təsərrüfatında rəqabət qabiliyyətinin yüksələcəyi və fermerlərin gəlirlərinin artacağı gözlənilir”.
Bununla yanaşı, həmsöhbətimizə görə, birləşmə prosesində onun necə həyata keçiriləcəyi, torpaq sahiblərinin hüquqlarının necə qorunacağı və iştirakın könüllü, yoxsa məcburi xarakter daşıyacağı kimi məsələlər də mühüm əhəmiyyət kəsb edir.
Rüfət Sultan, BakuPost