Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydalarının dəyişdirilməsi pensiya fondunun maliyyə dayanıqlığını qorumağa və xərclərlə gəlirlər arasındakı fərqi azaltmağa yönəlib. Təklif olunan mexanizmə əsasən, pensiyanın orta aylıq əməkhaqqı səviyyəsindən yuxarı olan hissəsi daha aşağı əmsalla indeksləşdiriləcək.
İqtisadçı Xalid Kərimli
“Bakupost”a bildirib ki, 2006-cı ildə pensiya sistemində aparılan dəyişikliklərdən sonra fərdi uçot mexanizmi tətbiq olunur. Bu sistemdə şəxsin işlədiyi müddətdə pensiya fonduna ödədiyi vəsaitlər onun gələcək pensiyasının məbləğini müəyyənləşdirir. Yəni əmək fəaliyyəti dövründə daha çox ödəniş edən şəxs pensiyaya çıxdıqda daha yüksək pensiya alır.
İqtisadçının sözlərinə görə, işçinin əməkhaqqından tutulan və işəgötürən tərəfindən ödənilən sosial sığorta haqları onun pensiya kapitalının formalaşmasında iştirak edir. Hazırkı qanunvericiliyə əsasən, bu ödənişlərin 90 faizi fərdi pensiya kapitalına yönəldilir. Təklif olunan dəyişikliklə həmin göstəricinin 85 faizə endirilməsi nəzərdə tutulur.
X.Kərimli bunu 1200 manat əməkhaqqı alan şəxsin nümunəsində izah edib. Onun sözlərinə görə, bu əməkhaqqına görə pensiya fonduna ümumilikdə 300 manat ödəniş hesablandıqda, hazırkı qaydada həmin məbləğin 90 faizi, yəni 270 manatı şəxsin pensiya kapitalına əlavə edilir. Təklif qəbul olunarsa, bu məbləğ 85 faizlə hesablanaraq 255 manat olacaq.
İqtisadçı bildirib ki, mövcud qaydada pensiya kapitalının bu hissəsinin 144-ə bölünməsi nəticəsində gələcək aylıq pensiyanın formalaşmasına təxminən 1 manat 88 qəpik əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə bu göstərici təxminən 1 manat 77 qəpiyə enəcək. Beləliklə, pensiya kapitalına yönəldilən məbləğin azalması gələcək pensiyanın hesablanmasına da təsir göstərəcək.
X.Kərimli qeyd edib ki, dəyişikliklərin əsas səbəblərindən biri pensiya fondunun gəlirləri ilə xərcləri arasında uzunmüddətli tarazlığın yaradılmasıdır. Hazırda fondun xərclərinin qarşılanması üçün dövlət büdcəsindən transferlər ayrılır. Pensiyaların hər il əvvəlki ildə muzdlu işçilərin orta aylıq əməkhaqqının artımına uyğun indeksləşdirilməsi isə fondun öhdəliklərini artırır. Bu tendensiya davam edərsə, gələcəkdə pensiya ödənişlərini qarşılamaq üçün büdcədən daha çox vəsait tələb oluna bilər.
İqtisadçı əlavə edib ki, 2017-ci ildə pensiya qanunvericiliyinə edilən dəyişikliklərdən sonra illik avtomatik indeksasiya mexanizmi tətbiq olunur. Yeni yanaşmada isə pensiyanın orta aylıq əməkhaqqı səviyyəsinə qədər olan hissəsinin tam, bu həddi aşan hissəsinin isə 0,5 əmsalla indeksləşdirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, bu halda işlədiyi müddətdə daha yüksək əməkhaqqı alan və daha çox pensiya kapitalı toplayan şəxslər yenə də yüksək pensiya alacaqlar. Lakin onların pensiyalarının artım sürəti əvvəlki ilə müqayisədə aşağı düşəcək. Orta aylıq əməkhaqqı səviyyəsinə qədər olan hissənin tam indeksləşdirilməsi isə pensiyaçılar arasında gəlir fərqinin artmasının məhdudlaşdırılmasına xidmət edir.
X.Kərimli vurğulayıb ki, pensiya fondunun kəsirinin davamlı artması uzunmüddətli perspektivdə bütün pensiya sisteminin dayanıqlılığı və ölkənin maliyyə sabitliyi üçün risk yarada bilər. Buna görə hökumət indeksasiya qaydalarını fərqləndirməklə həm pensiyaların artırılmasını davam etdirməyə, həm də fondun maliyyə dayanıqlığını qorumağa çalışır.
Vüsalə Hüseynova,
BakuPost