Ru
13:36 / 01 Oktyabr 2026

Pentaqondan NATO müttəfiqlərinə zərbə: ABŞ Avropanı necə bölür?

Pentaqondan NATO müttəfiqlərinə zərbə: ABŞ Avropanı necə bölür?
Eye

ABŞ NATO üzrə bəzi müttəfiqlərinə saymazyana yanaşma tərzi sərgiləməkdə davam edir. "Politico"nun diplomatlara istinadən verdiyi məlumata görə, Pentaqon Birləşmiş Krallıq, Fransa və Baltikyanı ölkələr də daxil olmaqla, bir neçə Avropa ölkəsini NATO işçi qrupunun iclasında iştirakdan kənarlaşdırıb.

Bildirilir ki, iclas NATO-nun gələcəyinin müzakirəsinə həsr olunsa da, bir çox ölkənin nümayəndələri prosesə dəvət almayıblar.
Bu fonda adı çəkilən ölkələr ABŞ-ni NATO-nu yaxşı və pis müttəfiqlərə bölməyə çalışmaqda suçlayıblar.

Siyasi şərhçi Abutalıb Səmədov “Bakupost”a bildirib ki, Pentaqonun bu hərəkəti Prezident Donald Trampın bəzi NATO ölkələrini cəzalandırmaq istəyindən qaynaqlanır:

“Gələn ay Pentaqonun təşəbbüsü ilə Polşada NATO-nun gələcəyilə bağlı müzakirələr keçiriləcək. Bu müzakirələrdə iştirak edəcək içşi qrupuna Böyük Britaniya, Fransa və Baltik ölkələrinin nümayəndələri dəvət edilməyib. Tramp bəzi NATO ölkələrinin İrana qarşı apardığı müharibədə ona yardım etməməsindən ciddi şəkildə inciyib. Bu fonda fürsət düşdükcə onları cəzalandırmağı düşünür. Hərçənd Tramp İrana qarşı müharibəyə başlayarkən heç bir NATO ölkəsilə məsləhətləşmələr aparmayıb”.

Ekspertə görə, digər məsələ 2035-ci ilə qədər təşkilat üzvlərinin hərbi xərcləri büdcənin 5 faizi səviyyəsinə qaldırmaları məsələsidir ki, London bunun qeyri-mümkün olduğunu elan edib:

“Baltik ölkələri isə bu səviyyəyə artıq çatıb. Bu məsələ də Trampı həddən artıq qıcıqlandırır. Görünür adı çəkilən ölkələrin təşkilatın işçi qrupunun iclasına dəvət edilməməsinin kökündə də məhz bu narazılıqlar dayanır. Güman etmək olar ki, Tramp bu addımı bəzi NATO ölkələrini cəzalandırmaq məqsədilə atıb”.

Müsahibimiz hesab edir ki, atılan addım NATO-nun daha da zəiflədilməsinə xidmət edir və onun parçalanmasına gətirib çıxara bilər:

“NATO ölkələri sadəcə bir şeyə ümid edirlər. Tramp əbədi deyil. NATO rəhbərliyinin bu addımı sükutla qarşılamasının kökündə də yəqin ki, bu dayanır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar