Ru
09:24 / 23 May 2026

Peyvənddən imtina edən valideynlərə XƏBƏRDARLIQ

Peyvənddən imtina edən valideynlərə  XƏBƏRDARLIQ
Eye

Son vaxtlar uşaqlar arasında suçiçəyi və qızılca halları daha çox müşahidə olunur. Xüsusilə məktəb və bağçalarda yoluxma hallarının artdığı bildirilir. Həkimlər qeyd edirlər ki, bu xəstəliklər hava-damcı yolu ilə sürətlə yayıldığı üçün kollektiv mühitdə yoluxma riski daha yüksək olur. Valideynlər arasında da uşaqların sağlamlığı ilə bağlı narahatlıq artıb.

Bəs bu xəstəliklərin yayılmasının əsas səbəbi nədir və valideynlər uşaqları qorumaq üçün hansı addımları atmalıdır?

Bakupost.az xəbər verir ki, pediatr Qoşqar İsmayılov Demokrat.az-a açıqlamasında hazırda yoluxucu xəstəliklərin yayılmasının əsas səbəblərindən biri uşaqların peyvəndlərinin vaxtında olunmamasıdır deyib:

"Xüsusilə qızılca və suçiçəyi kimi sürətlə yayılan infeksiyalar immuniteti zəif olan uşaqlar üçün ciddi risk yaradır. Valideynlərin peyvənd təqviminə laqeyd yanaşması xəstəliklərin yenidən geniş yayılmasına səbəb olur. Bununla yanaşı, xəstə uşaqların bağça, məktəb və digər qapalı məkanlara göndərilməsi də yoluxma riskini artıran əsas amillərdəndir.

Qapalı mühitdə uşaqların bir-biri ilə sıx təmasda olması virusların qısa müddətdə yayılmasına şərait yaradır. Xəstəlik əlamətləri olan uşaqlar sağalana qədər kollektivdən uzaq saxlanılmalıdır. Valideynlər uşaqların gigiyena qaydalarına əməl etməlidirlər. Bununla yanaşı immuniteti gücləndirən qidalanmaya diqqət ayırmaq lazımdır”.

Valideynlər bəzən yüngül qızdırma və ya öskürək əlamətlərinə adi soyuqdəymə kimi baxaraq övladlarını dərslərdən saxlamırlar. Lakin həm qızılca, həm də suçiçəyi səpkilər görünməzdən bir neçə gün əvvəl belə yüksək yoluxduruculuq qabiliyyətinə malik olur. Bu da bir uşağın qısa müddətdə bütün sinfi yoluxdurması deməkdir.


Mütəxəssis vurğulayır ki, mövcud riskləri minimuma endirmək üçün ilk növbədə peyvənd rejimi bərpa olunmalı və uşaqların immun statusu gücləndirilməlidir. Bundan əlavə, məktəb və bağçalarda dezinfeksiya işlərinin mütəmadi aparılması, otaqların tez-tez havalandırılması vacibdir.

Valideynlər uşaqlara əl yuma vərdişlərini, asqırarkən və öskürərkən kağız dəsmaldan istifadə etməyi aşılamalıdırlar. Hər hansı bir şübhəli simptom müşahidə edildikdə isə uşaq dərhal təcriddən keçirilməli və həkim nəzarətinə götürülməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar