Ru
14:49 / 08 İyul 2026

Pezeşkian-Paşinyan görüşündə Azərbaycan amili: Yeni müqavilənin şifrələri

Pezeşkian-Paşinyan görüşündə Azərbaycan amili: Yeni müqavilənin şifrələri
Eye

Tehrana səfəri çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan İran Prezident Məsud Pezeşkianla bir araya gəlib. Görüş zamanı, Pezeşkian iki dövlət arasında yaxınlaşmanın qarşılıqlı faydalarını qeyd etməklə yanaşı, hərtərəfli tərəfdaşlıq müqaviləsinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, İranla Ermənistan arasında imzalanmasına ümid edilən bu müqavilənin detalları ilə bağlı indidən hansı bir konkret söz demək çətindir.



Ekspert düşünür ki, böyük ehtimalla burada Azərbaycana qarşı açıq şəkildə hansısa bir məqam yer almayacaq:

“İran–Ermənistan münasibətlərində baş verən istənilən yaxınlaşma, yüksək səviyyəli danışıqlar və prezidentlər arasında keçirilən görüşlər Azərbaycan tərəfindən diqqətlə izlənilməlidir. Bu, beynəlxalq münasibətlərdə normal və zəruri yanaşmadır”.

Müsahibimizin sözlərinə görə, son regional hadisələr, xüsusilə də İranın İsrail və ABŞ ilə yaşadığı gərginlik fonunda Tehran xarici siyasətində yeni prioritetlər formalaşdırmağa başlayıb:

“İran bu prosesdə ABŞ-nin mövqeyini açıq şəkildə dəstəkləməyən dövlətlərlə münasibətlərini inkişaf etdirməyə çalışır. Bu çərçivədə Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan, Ermənistan və Gürcüstanla dialoqda müəyyən müsbət dinamika müşahidə olunur.

Eyni zamanda, İran–Ermənistan arasında imzalanacaq hər hansı yeni saziş və ya əməkdaşlıq sənədinin detalları diqqətlə təhlil edilməlidir. Xüsusilə təhlükəsizlik, nəqliyyat, enerji və hərbi-texniki əməkdaşlıq sahələrində Azərbaycanın milli maraqlarına təsir göstərə biləcək məqamlar öncədən müəyyən edilməli və zərurət yaranarsa, diplomatik və siyasi vasitələrlə bu risklərin qarşısı alınmalıdır”.

Konfliktoloq deyir ki, İran Ermənistanın ABŞ ilə strateji yaxınlaşmasını da diqqətlə izləyir və bu prosesdən müəyyən narahatlıq keçirir.

Bu əsasda həmsöhbətimizin fikrincə, Azərbaycan bu amildən güclü istifadə etməli və Ermənistanın İranla daha sıx yaxınlaşmasını mümkün siyasi vasitələrlə bloklamalıdır.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar