Hadisələrin gedişatı göstərir ki, İran Prezidenti Məsud Peşezkian vəziyyətə nəzarəti tam itirib. Onun etirazın ilk günlərində “dialoq quraq” və “etirazçılara atəş açmayın” çağırışlarını eşidən olmadı. İslam Keşikçiləri Koprusu öz bildiyini edir, əmr ali dini lider və azğınlaşmış generallardan gəlir. Onların itirəcəyi heç nə yoxdur, ona görə “öldür” əmri veriblər. Qətliamın miqyası genişlənib.
Bakupost.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu İranda etiraz aksiyalarında qətlə yetirilənlər haqda qeyd edib.
“Məsud Pezeşkianın yeni açıqlamasının da əhəmiyyəti yoxdur. O, yenə deyib ki, vətəndaşların dinc şəkildə etiraz etmək hüququ var və hökumət xalqın səsini dinləməyə hazırdır. Pezeşkian bunun ardınca, “eyni zamanda zorakılıq və iğtişaşlar qəbuledilməzdir və bu cür hallara qarşı sərt tədbirlər görüləcək” sözlərini işlədib. İnsanlara atəş açanlar dinc etirazçılarla iğtişaşçılar arasında fərq qoymur, ölənlər arasında hər ikisi var”, - politoloq bildirib.
E.Şahinoğlu əlavə edib ki, dialoq imkanları tükənib, növbədə xarici müdaxilədir.
Qeyd edək ki, İranda etirazlarda ölənlərin sayının 3 minə çatdığı iddiası yayılıb. ABŞ lideri Donald Tramp isə iranlı aksiyaçılara səslənərək, “Yardım yoldadır” vədini verib.