Bakının Yasamal rayonunda, “İnşaatçılar” metrosu yaxınlığında yerləşən piyada səkisində antisanitar vəziyyət yaranıb.
Bakupost.az-a müraciət edən vətəndaşın sözlərinə görə, zibil qutuları səkinin ən intensiv istifadə olunan hissəsində yerləşdirildiyindən əraziyə tullantılar yayılır.
Şikayətçi deyir ki, ətrafda yaranan kəskin qoxu, daşan tullantılar, axan çirkli maye səbəbindən səkidən istifadə, demək olar ki, mümkünsüzdür:
“Bura şəhərin ən gediş-gəlişli yerlərindən biridir. Amma vəziyyət o həddə çatıb ki, sanki zibilliyin içindən keçirsən. Zibillər ayaq altına tökülür, meyvə qalıqlarının şirəsi səkidə axır. Qoxuya dözmək olmur. Bu cür yerə zibil qutularının qoyulması düzgün deyil. Zibil qabları insanların hərəkətinə mane olmayacaq yerdə yerləşdirilməlidir”.
Vətəndaş əlavə edib ki, bəzi günlərdə ərazidən ümumiyyətlə, keçmək olmur və yaxınlıqdakı obyektlər də tullantılarını bura atır.
Lalə Novruz,
BakuPost