“Prezident İlham Əliyevin bir neçə gün əvvəl yerli televiziya kanallarına müsahibəsi zamanı jurnalistlərin ölkəmizdə 2025-ci ildə iqtisadi, sosial rifahın yaxşılaşdırılması məsələlərinə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırılması Azərbaycan həqiqətlərinin dünya gündəminə çıxarılması istiqamətində önəmli addım oldu. Prezidentin müsahibədə səsləndirdiyi fikirlər ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq aləmdə də böyük rezonans yaradıb. Çünki Azərbaycan lideri müasir beynəlxalq münasibətlər sisteminin real mənzərəsini açıq şəkildə ortaya qoydu. Dövlətimizin başçısının açıqlamaları Azərbaycanın xarici siyasətinin milli maraqlara, strateji məqsədlərə və uzunmüddətli perspektivə söykəndiyini nümayiş etdirir”.
Bakupost.az xəbər verir ki, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, millət vəkili Fəzail İbrahimli bildirib.
Deputat Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsində diqqətçəkən məqamlara toxunub.
“Son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə mühüm uğurlar əldə edilir. Azərbaycan vətəndaşlarının sosial rifah halı durmadan yüksəlir, qeyri-neft sektorunda inkişaf daimi xarakter alır, sənaye istehsalı artır, dövlət büdcəsi isə rekord həddə müəyyənləşdirilir. Ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bütün bunların təməlində uzun illər ərzində aparılan məqsədyönlü islahatlar, düşünülmüş siyasət dayanır. Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı səsləndirdiyi rəqəmlər bunu bir daha təsdiqləyir”.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, dövlət başçısının müxtəlif məsələlərə ölkəmiz tərəfindən adekvat cavabın verilməsi ilə bağlı dedikləri Azərbaycanın bu gün bölgədə və dünyada cərəyan edən hadisələrə təsir etmək iqtidarında olduğunu, müstəqil siyasət yürütdüyünü, hər bir ölkəyə və prosesə münasibətdə özünün baxışına malik olduğunu söyləməyə əsas verir:
“Prezidentin xarici siyasətlə bağlı açıqlamaları həm də onu göstərir ki, bu gün ölkəmiz həm iqtisadi, həm hərbi güc, həm də siyasi müdriklik baxımından regionun əsas aktorudur, dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmaqda maraqlıdır, eyni zamanda, dünya ölkələri bölgə ilə bağlı siyasətlərində rəsmi Bakının maraqlarını mütləq nəzərə almalıdırlar. Qlobal və regional dəyişiklikləri, yeni reallıqları və çağırışları ölçüb-biçməli olan Ermənistan dövlət başçımızın bu kontekstdəki tövsiyələrinə və məsləhətlərinə qulaq asmalı, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin şərtlərini qəbul etməli və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır”.
Fəzail İbrahimli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin sayəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb:
“Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb”.
Millət vəkili sonda vurğulayıb ki, dövlətimizin başçısı yanvarın 7-də yerli telekanallara müsahibəsi ilə bir daha mətbuata və ictimaiyyətə açıq, öz xalqını dərindən sevən, onun bütün qayğıları ilə maraqlanan Lider olduğunu sübuta yetirdi.